Azərbaycanda daha bir ana ölümü
7 Fevral 2014 11:59 (UTC+04:00)
Azərbaycanda daha bir ana doğuşdan sonra dünyasını dəyişib.
Movqe.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, ana
ölümü Qazax rayonunda qeydə alınıb.Belə ki, Qazax rayonu Bakı
küçəsi 175 üvanında yaşayan 22 yaşlı Vüsalə Siyavuş qızı Məmmədova
yanvarın 31-də vaxtından öncə təbii doğuş keçirib. Ana oğlan uşağı
dünyaya gətirib. Uşağın çəkisi 3 kiloqram olub. Körpənin vəziyyəti
normal olsa da, ananın halı evə buraxılandan sonra yenidən
pisləşib. Onu yenidən rayon xəstəxanasına aparıblar. Lakin
orada Vüsalə Məmmədovanın vəziyyətində irəliləyiş olmadığı üçün
qadın Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib. Təssüf ki, burada da
qadına heç bir yardım etmək mümkün olmayıb.
Ailə üzvlərinin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata
görə, qadın doğuşdan sonra daxili qanaxma keçirib. Bakıda da qadına
yardım edə bilmədikləri üçün, onu Gürcüstana aparıblar.
Vüsalə Məmmədovaya Gürcüstanda tibbi yardım göstərilsə də, qadının
səhhətində heç bir irəliləyiş olmayıb. Gürcüstan həkimləri
Vüsalənin ailə üzvlərini bildiriblər ki, qadın həkim səhlənkarlığı
üzündən bu hala düşüb. Deyilənlərə görə, qadın vaxtından əvvəl
təbii doğuş keçirib. Bu səbəbdən də, Vüsalənin daxili orqanları
zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Gürcüstanlı
həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olsaydı, bəlkə də,
vəziyyət bu qədər pisləşməzdi. Gürcüstan həkimlərinn səylərinə
baxmayaraq, Vüsalə Məmmədova bu gecə dünyasını dəyişib. Hazırda
meyidi Qazaxa, doğulduğu kəndə gətirilir. Gənc ananın bu gün və ya
sabah dəfn ediləcəyi bildirilir.
Qeyd edək ki, ANS PRESS-in bölgə müxbiri, Vüsalə Məmmədovanın
doğuşunu həyata keçirən həkimlə əlaqə yaratmağa çalışır. Faktla
bağlı əlavə məlumatlar veriləcək.