Unun qiyməti ətrafında yenə müəammalı vəziyyət yaranır

7 Fevral 2014 13:08 (UTC+04:00)

Məlumat verildiyi kimi  ötən ilin sonlarında Qazaxıstandan alınan taxılın bir tonu 250 dollar idisə də, son bir ayda bu qiymət 30 dollar artaraq 280-ə çatıb. Bundan başqa, respublika daxilində də dəmiryolu ilə taxılın daşınma qiymətlərinin hər tona görə 10 dollar qalxması əksər ekspertlərə görə, unun qiymətinə təsir edəcək. 

Qazaxıstandan idxal edilən taxılın 280 dollara qədər bahalaşdığını təsdiqləyən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Mövqe.az-a verdyi açıqlamada Azərbaycanda unla bağlı istehlak tələbatının ödənilməsində idxalın hələ özünəməxsus rol oynadığını  bildirdi: "Qazaxıstandan idxal olunan buğdanın qiyməti 1 ton üçün 250 dollardan 280 dollara qədər qalxıb. Bu da idxal olunan buğdanın qiymətinin bahalaşmasından xəbər verir. Əslində, apardığımız müşahidələrə görə, ölkədə, xüsusən Bakı şəhərində mövcud olan bəzi böyük çörək zavodları çörəyin formasını dəyişməklə, onun çəkisini azaldıb.  Baxmayaraq ki, həmin çörəyin keyfiyyəti bir o qədər də dəyişməyib. Sadəcə olaraq, görünüşünü daha yaxşı göstərmək, ağ rəngə çalmasını təmin etmək üçün xüsusi maddədən istifadə edirlər. Əslində, isə nə çəkidə, nə də ki, keyfiyyətdə heç bir artım yoxdur". 

İqtisadçı-ekspert Ruslan Atakişiyev isə azad iqtisadi bazar şəraitində sahibarkarların məhsulu istədikləri qiymətdə satmaqda sərbəst olduqlarını dedi: "Ümumiyyətlə, hal-hazırda Azərbaycanda çörək məmulatları bazarında müxtəlif qiymətlərdə məhsullar satılır. Bu da ki, onun keyfiyyəti, hər bir şirkətin özünün təqdim etdiyi məmulatın şərtlərinə görə müəyyənləşdirilir. Və hal-hazırda piştaxtalarda 25-30 qəpikdən tutmuş, 1-2 manata qədər olan çörəklərə rast gəlirik. Hesab edirəm ki, Qazaxıstan idxal edilən taxılın qiymətinin artmasının çörək məhsullarını dəyərinə təsir etməsi çox cüzi miqdarda olacaq. Bu gün sahibkarlar onsuz da azad iqtisadiyyat bazarında olduqları üçün istədikləri qiymətləri tətbiq edə bilərlər. Təbii ki, bəzi sahibkarlar idxalın bahalaşmasından istifadə edib qiymət artımı həyata keçirə bilərlər. Yenə də burda çörəyin özünün spesifik xarakter daşımasını, tələbat çox olan yeyinti məhsulu olduğunu nəzərə alaraq, dövlət onun qiymətinə nəzarət etməlidir. O ki qaldı keyfiyyətə görə dəyişən müxtəlif çeşidlərə,  qiymətin yüksək olması azad bazar iqtisadiyyatı şəraitində normaldır. İstənilən itehlakçı istədiyi qiymətə çörək ala bilər. Amma çörəyi minimum qiymətinə gəldikdə isə, əhalinin sosial cəhətdən aşağı təbəqəsinin də əldə edə bilməsi üçün qiymətlərin tənzimlənməsi dövlət tərəfindən nəzərə alınmalıdır".  

Bel əfikirlər də səslənir ki, un və taxıl bazarında  bazarda mütəmadi olaraq qiymətin artması-azalması baş verir.  Mütəmadi baş verən qiymət tərəddütləri yekunda məhsulun, yəni unun və çörəyin bahalaşmasına təsir edəcək səviyyədə deyil.