Şəhid əsgərimiz belə dəfn edilib - Foto
7 Fevral 2014 20:48 (UTC+04:00)
Fevralın 6-da döyüş tapşırığını yerinə yetirərkən
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid
olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev
Eşqin Firəddin oğlu hərbçilərin, rayon rəhbərliyinin və ictimaiyyət
nümayəndələrinin iştirakı ilə bu gün anadan olduğu Füzuli rayonunda
dəfn edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Movqe.az-a verilən məlumatına görə, tədbirdə çıxış edənlər Füzuli
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin əmisi və
qardaşı bildiriblər ki, şəhidlik ən yüksək zirvədir və igid oğlumuz
bu zirvəyə yüksəlib. Biz hamımız bununla qürür duyuruq. Azərbaycan
Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və
qayğıya görə ona minnətdarlıq ifadə edilib. Müdafiə naziri
general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi
şücaət göstərdiynə görə ölümündən sonra təltif edildiyi "Hərbi
xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə
təqdim edilib. Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi adından
əklil və gül dəstələri qoyulub. Tabut üzərinə sərilmiş üçrəngli
Dövlət bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə
təqdim edilib. Şəhidin əzizləri ağır itki olmasına baxmayaraq,
övladlarının şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı
gətirdiyini qeyd edərək, vida mərasimini yüksək səviyyədə təşkil
etdiklərinə görə ölkə başçısına, Müdafiə Nazirliyinin və Rayon İcra
Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər. Allah
bütün şəhidlərimizə rəhmət eləsin!