Soçi Olimpiadasının açılışında problem
8 Fevral 2014 11:04 (UTC+04:00)
Rusiyanın Soçi şəhərində gerçəkləşdirilən 22-ci
Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində səhvə yol
verilib. 2014-cü ilin rəmzi olan saat 20:14-də başlayan
mərasim zamanı işıq şousunda xəta baş verib. Ssenariyə görə,
meydana tavandan enən 5 qar dənəsi şəklini dəyişərək olimpiya
oyunlarının rəmzi 5 halqaya dönməli idi. Amma qar dənələrinin 4-ü
halqaya döndüyü halda, biri dönə bilməyib. Nəticədə olimpiya rəmzi
4 halqa və 1 qar dənəsi kimi görünüb. Xatırladaq ki, mərasimdə
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər.
BMT-nin baş katibi Pan Gi Mun 2014-cü ilin Olimpiya Oyunlarının
rəsmi açılışına on dəqiqə qalmış Soçi Olimpiadasının
iştirakçılarını və tamaşaçılarını salamlayıb. XXII Qış Olimpiya
Oyunlarının açılışı mərasiminin əvvəlində Rusiya Federasiyasının
bayrağı qaldırılıb. Sonra iştirakçı ölkələrin ənənəvi paradı
başlanıb. Azərbaycan komandası dördüncü keçib. Ölkəmizin bayrağını
Patrik Braxner aparıb. Azərbaycan Respublikasının Prezidenti, Milli
Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Mehriban xanım Əliyeva
fəxri qonaqlar üçün tribunadan idmançılarımızı salamlamışlar. XXII
Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord olacaq. Belə ki,
Soçidə 88 ölkənin nümayəndələri çıxış edəcəklər ki, bu da dörd il
bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur.
Ümumiyyətlə, 98 mükafat dəsti uğrunda mübarizə gedəcək. Bu, 2010-cu
ildəkindən 12 dəst çoxdur. İndiki Qış Olimpiadası Azərbaycan
yığması üçün beşinci olimpiadadır. Soçidə ölkəmizi idmanın iki
növündə yarışacaq 4 idmançı təmsil edir. Belə ki, kişilər arasında
dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik
Hots təmsil edəcəklər. Bundan başqa Soçidə fiqurlu konkisürmə
yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov
Azərbaycan bayrağı altında çıxış edəcəklər. (ANS)