Müdafiə Nazirliyi tanklarımızın yerdəyişməsindən danışdı
9 Fevral 2014 10:56 (UTC+04:00)
Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı
tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub. Bunu Müdafiə
Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq
bildiriblər. "Bütün hallarda qarşı tərəf cavab atəşi ilə
susdurulub",- deyə nazirlikdən vurğulayıblar. Məlumata görə, cəbhə
xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq
üçün əlavə tədbirlər görülür: "Müdafiə nazirinin əmrinə uyğun
olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da
keçirilir".
Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində "Azərbaycan
tanklarını sərhədə yığır" kimi başlıqlı yazıların dərc olunması
məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu
fikirlər həqiqətə uyğun deyil: "Tanklarının cəbhə bölgəsinə doğru
irəliləməsi barədə yayılan informasiyalar yanlışdır",- deyə
nazirlikdən göndərilən məlumatda vurğulanır. Nazirlikdən
bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması
məqsədi ilə bağlı da tədbirlər görülür: "Döyüş hazırlığı planına
uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər,
bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın
beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma
kursları keçirilir".