"ASAN imza" mobil telefonda

9 Fevral 2014 14:04 (UTC+04:00)
Mobil rəqəmsal imzanın (ASAN imza) platforması Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC-nin platforması ilə inteqrasiya olunub. Bunu cümə axşamı Trend-ə "SayberNet" şirkətinin baş direktoru İlham Namazov deyib. Onun sözlərinə görə, hazırda sınaq işləri aparılır. Servisin kommersiya istifadəsinə birinci rübün sonunda veriləcəyi gözlənilir. Mobil elektron imzadan istifadə etmək üçün SİM-kartı yenisi ilə əvəz etmək lazımdır. Əlavənin instalyasiyası və mobil rəqəmsal imzanın aktivləşdirilməsi Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində və "ASAN" xidmət mərkəzlərində həyata keçiriləcək. Hazırda "ASAN imza"dan "Bakcell" MMC və "Azercell" MMC şəbəkələrində istifadə etmək mümkündür. Operator şəbəkələrində "ASAN imza"dan istifadə üzrə tariflər aşağıdakı kimi bölüşdürülüb: Vətəndaşlar üçün 3 illik istifadə qiyməti - 30 AZN, dövlət qulluqçuları üçün 80 AZN, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün isə 154 AZN təşkil edir. Xidmətdən aylıq istifadə haqqı əhali və dövlət qulluqçuları üçün 0.50 AZN, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün isə 1 AZN təşkil edir.