Rusiya Duması mitinqlərdə asayişi pozanlara qarşı cərimələri kəskin dərəcədə artırıb

7 İyun 2012 17:45 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rusiya Dövlət Duması mitinqlərin keçirilməsi qaydasını sərtləşdirən qanun layihəsini təsdiqləyiblər.

Sənədin təsdiqi zamanı parlament binası qarşısında etiraz bildirən 20-dək müxalifətçi fəallar saxlanılıb.

Xəbər verdiyimiz kimi, yeni qanun layihəsinə görə kütləvi aksiyaların keçirilməsi zamanı qaydaları pozan şəxslərə qarşı iri məbləğdə cərimələr tətbiq olunacaq.

Qanuna görə mitinq təşkilatçıları üçün cərimələr hazırkı 5 min rubldan ($150) adi vətəndəşlar üçün 300,000 rubladək, vəzifəlilər üçün isə 600,000 rubladək qaldırılır.

Rusiya Dumasında müxalifətdə olan partiyaların təmsilçiləri qanunun təsdiqlənməsini əngəlləməyə çalışsalar da onların cəhdləri uğursuz olub.

Lakin qanun layihəsinin müzakirəsi zamanı müxalifətçi deputatların 400-dək düzəliş təklif etdiyindən, qanunun təsdiqlənməsi xeyli gecikib.

"İrtica qanunu"

Qanun tənqidçiləri hakim Kreml-pərəst Vahid Rusiya partiyasını vətəndaş azadlıqlarının tapdanmasında ittiham ediblər.

Bugün qanun layihəsi parlamentin yuxarı palatasında - Federasiya Şurasında da - təsdiqdən keçirilib.

Qanun layihəsi imzalanmaq üçün artıq prezident Putinə təqdim olunub, və onun tərəfindən imzalanacağı təqdirdə, gələn həftə Moskvada nəzərdə tutulmuş hökümət əleyhinə küçə aksiyası ərəfəsi artıq qanuni qüvvəsinə minə bilər.

Qanun layihəsi kütləvi aksiyaların harada və hansı formada keçiriləcəyini reqlamentləşdirir, o cümlədən, iştirakçıların üzü bağlayan maska və ortüklərdən istifadə etmələrini qadağa edir.

Müxalifət partiyaları qanun layihəsini "irticaçı" sənəd kimi dəyərləndirərək, qanun layihəsinin Kremlin "xalqdan qorxmasının" sübutu kimi səciyyələndiriblər.

Hüquq müdafiəçiləri bu qanunun Rusiaya konstitusiyasında təsbit edilmiş toplaşma azadlığına zidd olduğunu vurğulayıblar.

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin həmin qanuna dəstəyini bildirmişdir.

"Biz xalqımızı radikal aksiyalardan qorumalıyıq", Vladimir Putin demişdir.

Türkan Nadirqızı

Movqe.Az

p