Füzuli Ələkbərovun oğlu- “Həbs olunanları tanımıram”
10 Fevral 2014 15:01 (UTC+04:00)
Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində
keçirilən "İsmayıllı hadisələri" ilə bağlı prosesdə keçmiş nazir və
icra başçısının oğlanları ifadə
veriblər. Zərərçəkmiş qismində
prosesdə iştirak edən sabiq əmək və əhalinin sosial müdafiəsi
naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov ona məxsus "Çıraq"
otelinin və avtomobilinin yandırılmasına görə heç bir mülki iddiası
olmadığını bildirib. Onun sözlərinə görə, otel və avtomobil
sığortalandığı üçün ona dəyən ziyanı sığorta şirkəti
ödəyəcək. Vüqar Ələkbərov deyib ki,
hazırda mühakimə olunan şəxslərin heç birini tanımır və onlara
qarşı heç bir mülki iddiası yoxdur. İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərovun oğlu Elxan
Ələkbərov da zərərçəkmiş qismində ifadə verərək deyib ki,
təqsirləndirilən şəxslərə qarşı hər hansı mülki iddiası yoxdur. O
hesab edir ki, ötən il yanvarın 23-də baş verənlər İsmayıllı
camaatının işi deyil. Onun fikrincə, bundan kimlərsə yararlanıb.
Elxan Ələkbərov münaqişənin ilkin mərhələsində polisi fəaliyyətsiz
olmaqda günahlandırıb. Məhkəmədə
İsmayıllı hadisələri ilə bağlı ölkə televiziyalarının məhkəməyə
təqdim etdikləri video-süjetlərə baxış
keçirilib. Ötən il yanvarın 23-də
İsmayıllıda "Çıraq" otelinin inzibatçısı və daha bir nəfərin yerli
sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun
həyətində olan maşınları yandırıb. Bundan sonra yerli camaatla
təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş
verib. Olaydan sonra 18 nəfər həbs
olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və
Müsavat başqanının müşaviri Tofiq Yaqublu da
var. Həbs olunanlar ictimai asayişi
pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət
nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.
Müdafiə tərəfi ittihamları qəbul etmir.