Yeni səyyar yayım şəbəkəsi qurula bilər

10 Fevral 2014 15:09 (UTC+04:00)
Yeni səyyar yayım şəbəkəsi qurula bilər. ANS PRESS-in məlumatına görə, bu gün Yayım Assosasiyasının rəhbərliyi Mətbuat Şurasının sədri Əflatun Amaşov və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə görüşüblər.  Görüş zamanı Assosasiya rəhbərliyi təklif irəli sürüb. Bu təklifə əsasən yeni qanuni, sivil və müasir səyyar yayım şəbəkəsinin qurulması nəzərdə tutulur. Bu təşəbbüsü müsbət qiymətləndirən Əflatun Amaşov təklifin Mətbuat Şurasının komissiyası tərəfindən baxılacağını deyib. Qeyd edək ki, təklif paketində səyyar yayımla məşğul olanlar üçün formaların verilməsi, işçinin tabe olduğu yayım üzrə vəsiqə ilə təmin olunması və bu kimi yeniliklər olacaq. Xatırladaq ki, Fəvvarələr Meydanı təmir olunduqdan sonra burada əvvəllər alışdığımız suvenir piştaxtalarına rast gəlinməsə də, qəzet və jurnalların satışı davam edirdi. Sonuncu dəfə 01.06.2010-cu il tarixində ərazidə qəzet və jurnal satışı ilə məşğul olan kiçik sahibkarlar belə problemlə üzləşmişdilər. O zaman səbəb kimi ərazidə aparılan təmir-tikinti işləri göstərilmişdi. Bildirilmişdi ki, ərazidə təmir getdiyindən qəzet və jurnalları da toz basır, bu isə əhalinin sağlamlığına ziyandır. Lakin edilən çoxsaylı şikayətlərə əsasən 24.06.2010-cu il tarixində Bakı şəhər Ticarət Departamenti qəzet və jurnalların satışı üçün icazəsi olan şəxslərin fəaliyyətlərini davam etdirməsinə icazə vermişdi.