İraqa bu şəxslər vizasız gedib-gələcək
11 Fevral 2014 10:08 (UTC+04:00)
Bu gün Azərbaycanın xarici işlər
naziri Elmar
Məmmədyarovun başçılıq etdiyi nümayəndə
heyəti İraqda rəsmi səfərdə olub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə,
səfər zamanı E.Məmmədyarov İraqın Baş
naziri Nuri
əl-Maliki və xarici işlər
naziri Xoşyar
Zebayri ilə görüşlər
keçirib. İraqın Baş naziri ilə görüş
zamanı ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə, o
cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlıq
perspektivləri, eləcə də iki ölkə arasında hökumətlərarası müştərək
komissiyanın fəaliyyəti müzakirə edilib.
Terrorizmin beynəlxalq ictimaiyyət, o cümlədən
ölkələrimiz üçün böyük təhlükə olduğu qeyd olunaraq, bu sahədə
əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi və beynəlxalq birliyin
səylərinin səfərbər edilməsinin vacibliyi
vurğulanıb. E.Məmmədyarov İraqın Baş
nazirinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat
verərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal,
qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən 4 qətnamə qəbul
etdiyini və bu qətnamələrin hələ də Ermənistan tərəfindən yerinə
yetirilmədiyini və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalının davam etdiyini diqqətə çatdırıb. Bu işğal nəticəsində bir milyona yaxın insanın qanlı etnik
təmizləməyə məruz qalaraq, tarixi torpaqlarından qovulduğunu və
qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən nazir
Ermənistanın beynəlxalq hüquqa davamlı surətdə hörmətsizlik nümayiş
etdirdiyini qeyd edərək, bu ölkənin beynəlxalq təşkilatların qəbul
etdiyi qətnamələrə riayət etməli olduğunu vurğulayıb. E.Məmmədyarov
münaqişə ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini və beynəlxalq
təşkilatlar çərçivəsində dəstəklədiyinə görə İraqa öz təşəkkürünü
ifadə edib. Nuri Əl-Maliki İraqın
Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu
bildirib. Baş nazir İraqın Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini dəstəklədiyini qeyd edərək, beynəlxalq birlik
tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın ərazi
bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirib və beynəlxalq
təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməli
olduğunu vurğulayıb. Səfər
çərçivəsində E.Məmmədyarov İraqın xarici işlər naziri X.Zebayri ilə
də görüşüb. X.Zebayri ilə görüşdə
ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin
məmnunluq doğurduğu qeyd olunaraq, iqtisadiyyat, enerji, nəqliyyat
və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə
birgə səylərin artırılmasının vacibliyi
vurğulanıb. Bu xüsusda, xarici işlər
nazirləri iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası
komissiyanın fəaliyyətini müzakirə ediblər. Görüşdə müştərək
komissiyanın İraq tərəfindən həmsədri rabitə və əyalətlər naziri
əvəzi Turhan əl-Mufti də iştirak edib. Nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və
münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək,
bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq
tərəfinə öz təşəkkürünü ifadə edib. X.Zebayri İraqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıraraq,
ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri, eyni zamanda, beynəlxalq təşkilatların qərar
və qətnamələri əsasında həllinin tərəfdarı olduğunu
bildirib.
E.Məmmədyarov həmkarına Azərbaycanın iştirakı ilə
regionda həyata keçirilən strateji enerji və nəqliyyat layihələri
barəsində məlumat verib. İraqlı
tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edən nazir gələcəkdə
bu imkanların daha da artırıla biləcəyini qeyd edib.
Görüşdə Azərbaycan və İraq xarici
işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası Hökuməti və
İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti
pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında saziş"
imzalanıb. Bu sazişin iki ölkə arasında təmasların artmasına xidmət
edəcəyi vurğulanıb. Görüşdən sonra
E.Məmmədyarov və X.Zəbayri kütləvi informasiya vasitələrinin
nümayəndələri üçün mətbuat konfransı keçiriblər.