Ünvanlı yardım alanlara şad xəbər
11 Fevral 2014 13:23 (UTC+04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümov Avropa İttifaqının Azərbaycan Respublikasındakı
Nümayəndəliyinin rəhbəri səfir xanım Malena Mardı qəbul edib.
Movqe.az xəbər verir ki, görüşdə nazir S.Müslümov son illər
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən islahatlara toxunub: "Bu islahatlar nəticəsində ölkədə yoxsulluq və işsizlik
səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, vətəndaşların
maddi rifah halının yaxşılaşdırılmasına nail olunmuş, sosial
cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi
gücləndirilmişdir. Ölkəmizdə sosial yönümlü iqtisadi siyasət həyata
keçirildiyindən və hər zaman sosial sahəyə xüsusi önəm
verildiyindən bizim də qarşımızda mühüm vəzifələr qoyulub. Başlıca
məqsədimiz inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq
ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial
müdafiə sisteminin qurulmasıdır".
S.Müslümov nazirliyin fəaliyyət sahələri üzrə
ciddi islahatların həyata keçiriləcəyini diqqətə çatdırıb. "Nəzərdə
tutulan institusional islahatlar və qanunvericiliyin
təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da
reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və
əlçatan olacaq" .
S.Müslümov əmək və əmək haqqı siyasəti, məşğulluq
və demoqrafiya, ünvanlı dövlət sosial yardımı, müavinətlər,
əlilliyin təyini, müxtəlif sosial xidmətlər sahələrində görüləcək
işlər barədə ətraflı məlumat verib. Eyni zamanda nazir ünvanlı
dövlət sosial yardımının təyininin avtomatlaşdırılması
istiqamətində görülən işlərdən və bu ilin sonuna kimi prosesin
yekunlaşdırılmasının qarşıya qoyulan əsas vəzifələrdən biri
olduğunu deyib. Öz növbəsində xanım
Malena Mard həyata keçiriləcək islahatların onlarda böyük maraq
doğurduğunu və təmsil eydiyi qurumun ƏƏSMN ilə əməkdaşlığı daha da
gücləndirmək niyyətində olduğunu
vurğulayıb. Görüşdə Avropa İttifaqı
ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək
əməkdaşlıq imkanları müzakirə olunub.