Zinət əşyaları sürətlə bahalaşmağa başlayır

7 İyun 2012 18:10 (UTC+04:00)

Dünya bazarında qızıla, zinət əşyalarına olan tələbat artmaqda davam edir. ABŞ-ın Boston Konsaltinq qrupunun açıqlamalarına görə, cari ildə zinət əşyalarına, qızıla olan tələbat daha 7 faiz artacaq. Bu il ərzində zinət əşyalarına nə az, nə çox 500 milyard dollar xərclənəcək. Qarşıdakı 6 ay ərzində bu istiqamətdə xərcləmələr daha çox olacaq.

Qızıla, zinət əşyalarına tələbatın artmasına səbəb kimi bir neçə faktor göstərilir. Beynəlxalq səviyyəli valyutaların - dollar və avronun kursunun qeyri-sabitliyi, qızıl istehsalına görə öndə olan Hindistanda istehsal həcminin aşağı düşməsi və Çində qızıldan valyuta kimi istifadəyə dair vətəndaşlara verilən azadlıq tələbatın artmasına səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, qızıla tələbatın artması onun qiymətinə də təsirsiz ötüşməyəcək. Yaxın vaxtlarda qızılın ünsiyasının qiyməti pik həddə çata bilər. Qızıla olan təlabatın artması Azərbaycanın qızıl bazarına da təsirsiz ötüşməyəcək. Eyni zamanda ölkədəki qızıl yataqlarına olan maraq daha da arta bilər. Xarici investorlar təlabatın artması fonunda Azərbaycanda yeni-yeni qızıl zavodları aça bilərlər.

İqtisadçı ekspert Azər Mehtiyevin sözlərinə görə, qızıla tələbatın artması dünya valyuta bazarında baş verən proseslər və siyasi məsələlərlə bağlıdır: "İnkişaf etmiş ölkələrin rəsmilərinin pessimist iqtisadi açıqlamaları, dollar və avronun qeyri-sabit kursu qızıla olan tələbatı artırır. Ümumiyyətlə, böhran dövründə valyutanı qızılla saxlamaq ən etibarlı addım hesab olunur. Qızılın özəl xüsusiyyətlərindən biri də onun qiymətinin düşməyə meylli olmamasıdır. Qızılın qiyməti həmişə artan xətt üzrə dəyişir. Beynəlxalq səhm bazarında da böhran yaşanır. Belə olan halda investorlar öz vəsaitlərini səhmlərdən çəkərək qızıla çevirirlər".

Ekspertə görə, qızılın ünsiyasının qiymətinin 2000 dolları keçmə ehtimalı var. Qızıla tələbatın artmasının Azərbaycanın qızıl bazarına təsirinə gəldikdə isə A.Mehtiyev hesab edir ki, bunun birbaşa təsiri ola bilməz: "Azərbaycanın qızıl bazarı ilə dünya qızıl bazarı arasında ciddi əlaqə axtarmağına dəyməz. Azərbaycanın qızıl ehtiyatı dünya qızıl ehtiyatının heç bir faizi qədərində deyil. Bizdəki qiymətləri daxili bazar formalaşdırır. Və qiymətlərin artım-enməsində daha çox psixoloji inflyasiya rol oynayır. Böhran dövründə dünya bazarında qızıl qalxırsa, Azərbaycanda bunun əksini görmək olar. Bizdə bütün qiymətlər qalxanda qızıl da bahalaşır, böhran, inflyasiya olanda qızıl ucuzlaşır. Halbuki, bunun əksi olmalıdır. Dünya bazarında qızıla olan tələbatın artmasını nəzərə alaraq Azərbaycan Neft Fondunun rezervlərinin bir hissəsini qızıl şəkilində saxlamaq qərarını verib. Bu onu göstərir ki, beynəlxalq maliyyə əməliyyatlarında qızılın əhəmiyyəti artmaqdadır. Səhm və depozit əməliyyatları getdikcə qızılla əvəz olunur".

A.Mehtiyevin sözlərinə görə, Azərbaycanın qızıl bazarındakı qiymətlərə daha çox ərəb ölkələrinindəki qızıl bazarlarının qiymətləri təsir göstərir: "Azərbaycanda satışda olan qızıllar daha çox ərəb ölkələrinin istehsalıdır. Həmin qızıllar ərəb ölkələrindən ya birbaşa, ya da Türkiyə, Rusiya vasitəsilə ölkəyə gətirilir".

Bildirək ki, Azərbaycanda qızılın qiyməti həmçinin mövsümlə bağlı olaraq bahalaşır. Toyların artdığı bir dönəmdə qızıla, zinət əşyalarına tələbat artır. Yəni ölkədə qızıla tələbat daha çox məişət səviyyəsindədir. Ölkədə qızıl maliyyə əməliyyatlarının aparılmasında, birja bazarında əhəmiyyətli çəkiyə malik deyil.