Elektrik qatarları və tramvaylar yenidən qayıdır

11 Fevral 2014 14:30 (UTC+04:00)

Ölkədə  nəqliyyat vasitələrinin ekologiyaya vurduqları ziyanın qarşısının alınması istiqamətində görülən işlərin miqyası genişlənir.  Bu fonda isə belə təkliflər də səslənir ki, ekoloji durumun daha da yaxşılaşdırılması üçün elektrik qatarlarının və tramvayların yenidən istifadəyə verilməsi vacibdir. Qeyd edək ki, bu nəqliyyat növlərinin fəaliyyətinin yenidənbərpaoluna biləcəyinə dair vaxtaşırı fikirlər səslənir.  Bəs Bakıda elektrik və tramvay xətlərinin yenidən salınması mümkündürmü?

Mövqe.az-a açıqlamasında tramvay və elektrik qatarlarının həm pula, həm vaxta qənaətə, həm də sıxlığın aradan qaldırılmasına səbəb olacağını deyən nəqliyyatçı-ekspert Azər Allahverənov Bakıda bu nəqliyyat vasitələrinin yenidən istifadəyə verilməsi üçün bir çox imkanların olduğunu düşünür: "Bu gün ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir.  Dövlət bununla bağlı konkret addımlar atır. Elə "Avro-4" standartına keçid də ərtaf mühitin mühafizəsinə yönəlmiş mühüm bir addımdır. Bu sahədə kompleks tədbirlər həyata keçirilməsi ilə yanaşı, eyni zamanda alternativ nəqliyyat vasitələrindən istifadəyə də yer veriilməlidir. Məsələn, uzun müddətdir, Azərbaycanda yenidən tramvay xətlərinin çəkilməsi məsələsi gündəmdədir. Sonuncu dəfə 2011-ci ildə tamvay xətləri ləğv olunmuşdu. O vaxtkı xətlər heç bir standartlara cavab verməyən, texniki baxımdan çox zəif və istismar müddətini başa vurmuş halda idilər.  Beləliklə,  bu nəqliyyat növləri tamamailə ləğv olundu. Bu isə müxtəlif səbəblərlə izah edildi. O zaman Bakıda nəqliyyat vasitələti ilə bağlı sıxlığın olmadığı göstərilirdi. Bu gün isə sıxlıq göz qabağındadır. Təcrübə göstərir ki, tramvaylar bir çox cəhətdən üstünlüklərə malikdirlər. Bu nəqliyyat növü bir tərəfdən sıxlığın, digər tərəfdən də vaxt itkisinin qarşısın alacaq. Çünki, tramvaylar konkret vaxt qrafiklərinə əsasən hərəkət etdiklərindən, sərnişin ən azından hansısa dəqiq vaxtda istədiyi yerdə olacağını biləcək. Başqa bir tərəfdən isə sərnişinlər iqtisadi cəhətdən qənaət edəcəklər. Çünki, tramvay digər nəqliyyat vasitələrinə nisbətən ucuzdur. Elektriklə işlədiyindən çox qənaətcildir. İqtisadi cəhətdən qənaətcil olması ilə bərabər, digər tərəfdən də ətraf mühitə zərərli deyil. Məsələn, avtomobil kimi ətrafa zəhərli maddələr buraxmır. Ona görə də, tramvay yollarının salınması təklifi həm ictimaiyyət tərəfindən, həm də müəyyən qurumlar tərəfindən çox müsbət qarşılanır. Faktiki olaraq bu gün Gəncədə artıq müasir standartlara cavab verən tramvay xətləri çəkilməkdədir. Hesab edirəm ki, Bakıda da bunun üçün çox yaxşı imkanlar var. Düzdür, yol infrastrukturunda yeni tramvay strukturunun salınması vəsait tələb edən məsələdir, amma nəzərə alsaq ki, bu həm ətraf mühitin mühafizəsi, qənaətçilik və sıxlığın aradan qaldırılması kimi 3 əsas məsələdə faydalı olacaq. Düşünürəm ki, müvafiq qurumlar məsələ ilə bağlı ciddi  araşdırmalara başlayacaqlar və konkret olaraq bu infrastrukturun və bu nəqliyyat vasitəsinin Bakı şəhərində yenidən dövriyyəyə buraxılması ilə bağlı konkret qərarlar veriləcək".   

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev də məsələnin müsbət istiqamətdə həllinin mümkünlüyünü düşünür: "Azərbaycanda artıq ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə zamanın və günün tələbidir. Xüsusən də Bakı kimi meqapolis vəziyyətinə gəlmiş bir şəhərdə bu, artıq zərurətdir. Bizdə tarixən də elektrik qatarlarından istifadə olunub. Amma təbii ki, o vaxtdan xeyli zaman keçib və o vaxtkı texnologiya ilə hazırlanmış vaqonlardan deyil, daha yüksək komfortlu vaqonlardan istifadə etmək lazım olacaq. Mən inanıram ki, yaxın gələcəkdə Bakıda yenidən tramvay sistemi yaradıla bilər. Şəhərin infrastrukturunu da buna uyğunlaşdırmaq lazımdır. Əvvəlki elektrik qatarlarının yoluna baxmaq, çatışmayan hissələri bərpa eləmək olar. Bununla bağlı müvafiq proqram hazırlanmalı,  proqrama uyğun olaraq da texnoloji ardıcıllığa əsasən iş reallaşdırılmalıdır. Biz hər hansı bir yolu keçmək üçün yeri qazıb tunel çəkirik, keçid düzəldirik və ya körpü salırıq. Və yaxud da hər hansı ərazi genişləndirilməsi üçün bizdə binalar da sökülür. Yəni, yeni nəqliyyat növlərinə uyğun struktur da yaradıla bilər. Bu iş Nəqliyyat Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin verdiyi plan əsasında həyata keçirilir. Qeyd edim ki, perspektivdə də yeni nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur. Plan qəbul olunub təsdiq olunandan sonra, onun həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlanacaq və təbii ki, ondan sonra nə vaxt həyata keçirilməsi haqda məlumat vermək olar. Düşünürəm ki, ilin ortalarında bu haqda məlumat verə biləcəyik".