Azərbaycanda pensiya yaşı artırıla bilərmi?

11 Fevral 2014 15:05 (UTC+04:00)

"Azərbaycanda pensiya yaşının artırılmasına ehtiyac yoxdur. Ölkədə təqaüd alanların sayı artsa da, bu hələki təqaüd yaşının artırılması zərurəti yaratmır". 

Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, bu problem Azərbaycanda bir neçə il bundan əvvəl həll olunub: "Azərbaycanda sonuncu dəfə qadın və kişilər arasında pensiya yaşı artırılanda bu məsələ nəzərə alınıb. Yaş həddi elə artırılıb ki, təqaüdçülərin sayı ilbəil artsa da, bu problem yaratmayacaq. Yəni pensiya yaşını yaxın o ildə artırmağa ehtiyac qalmayacaq. Çünki souncu dəfə ölkədə pensiya yaşı artırılanda bu nəzərə alınıb. Bizi pensiya yaşını artırmaqda günahlandıranlar olsa da, vəziyyət göstərir ki, bu həmin vaxt yerində atılmış addım idi".

Qeyd edək ki,  Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov Trend-ə  açıqlamasında yaxın bir neçə ildən sonra Azərbaycanda əhali arasında təqaüdçülərin sayının artmasının müşahidə ediləcəyini söyləmişdi. Əhalinin yaş strukturunda dəyişikliyin olmasını mənfi hal sayan alim qeyd edib ki, Azərbaycanda əhalinin təbii artımı 1960-cı ildən sonra yüksək olub. Bunun nəticəsi olaraq, hazırda əməkqabiliyyətli yaşda olan əhalinin sayı ümumi əhalinin 67 faizdən çoxunu təşkil edir: "Yaxın vaxtlarda - bir neçə ildən sonra onlar təqaüd yaşına çatdıqda ölkədə təqaüçülərin sayının kəskin artacağı gözlənilir. Proses ona doğru gedir. Ona görə də doğulan uşaqların sayının artırılması üçün əhalinin təbii artımı nizamlanmalıdır. Dövlət bunun üçün müəyyən tədbirlər görməlidir".

Təcrübəyə görə, belə hal qeydə alındıqda, təqaüdçülərin sayı artdıqda pensiya yaşı artırılır. Xatırladaq ki, pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5) olub.