13 Fevral 2014 07:10 (UTC+04:00)

Son günlərdə ən çox diqqət çəkən məsələlərdən biri də heç şübhəsiz ki, bank kreditlərinin verilməsi ilə bağlı tələblərin sərtləşdirilməsi ilə əlaqədardır. Qeyd edək ki, yayılan məlumatlara görə, Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanıb. Məsələ ilə bağlı "azvision" portalında yer alan məlumata görə, Mərkəzi Bankın kreditlərlə bağlı qəbul etdiyi qadağa əmlak bazarından da yan keçməyib.

Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidirlər.

İlkin ehtimallara görə, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı isə minimum 600-700 manat təşkil etməlidir. Özəl tikinti şirkətləri sözügedən qadağanın artıq bir həftədir qüvvədə olduğunu bildiriblər. Onlar bu barədə Mərkəzi Bankdan göstəriş aldıqlarını qeyd edirlər.

Şirkət təmsilçiləri həmçinin, müvafiq qadağanın onların işinə mənfi təsir göstərəcəyindən narahatdırlar. Ekspertlər hesab edirlər ki, Mərkəzi Bankın qərarı mənzil satışının xeyli aşağı düşməsinə gətirib çıxaracaq. Çünki, mənzil alıcılarının böyük əksəriyyəti maaş sistemi əsasında fəaliyyət göstərmirlər. Daha çox özəl biznes və şəxsi təsərrüfat sahələrində çalışanlar yeni tikililərdən kreditlə mənzil almağa üstünlük verirlər. Yüksək maaş alan şəxslər isə daha çox ipoteka kreditlərindən yararlanırlar. Bu baxımdan Mərkəzi Bankın kredit qadağasının əmlak bazarına mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, indiyədək əksər yerli tikinti şirkətləri mənzillərin kreditlə satışını daxili sənədləşmə əsasında həyata keçirirdilər. İş yerindən arayış isə tələb olunmurdu. Sənədləşmə minimum 25 faiz ilkin ödəniş və tək şəxsiyyət vəsiqəsi ilə aparılırdı. Mənzillərin kreditlə satışına məhdudiyyətlərin qoyulması məsələsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə "axar" portalına açıqlamasında aşağıdakıları bildirib: "Bankdan mənzil üçün kredit alan şəxslər müəyyən bir dövrdən sonra kredit ödənilməsində çətinlik çəkirlər və banklar ziyana işləməyə başlayır. Nəzərə alsaq ki, onların əsas fəaliyyəti pulun dövriyyəsidir və çoxsaylı vətəndaşların az olmayan məbləğlə banklara borcu qalır. Bu da bankların fəaliyyətinin iflic olmasına gətirib çıxardır". Millət vəkili bildirdi ki, Mərkəzi bankın bu addımı insanları daha da məsuliyyətli olmağa sövq edir və müəyyən imkanı olan ailələr bu məsələdə problemlə üzləşməyəcək: "Bankları risklərdən azad etmək üçün və eyni zamanda, mənzil almaq istəyən şəxslərin məsuliyyətini artırmaqdan ötrü addımlar atıla bilər. İstənilən halda Mərkəzi Bank bankların problemsiz fəaliyyətində və eyni zamanda, verdiyi kreditləri tez almasında maraqlıdır. Hesab edirəm ki, müəyyən imkanı olan ailələr bu məsələdə problemlə üzləşmirlər. Problem o ailələrdə olur ki, onların gəlirləri kifayət qədər deyil və onlar banklardan aldığı krediti sonradan çox böyük çətinliklə qaytarırlar. Ümumən götürdükdə isə imkanı olan adam bankla münasibətlərini bu yeni qaydalar çərçivəsində də rahat qura biləcək. Burada söhbət imkanı olmadığı halda bankdan aldığı borc altına girən və ondan sonra həmin borcu qaytara bilməyən insanlar qrupundan, həmin qrupun çevrəsini daraltmaq və insanları atdığı addımları yüz ölçüb-bir biçməyə sövq etməkdən gedə bilər".

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank təminatsız kreditlərin verilməsini qadağan edib: "Təminatsız kredit o deməkdir ki, krediti alarkən arxasında heç bir girov dayanmır. Əgər ipoteka ilə ev alsanız, arayış təqdim edərək aylıq gəlirlərinizi təsdiq etməlisiniz. Əgər gəlirlərinizi təsdiq edə bilmirsinizsə, o zaman ipoteka götürmək alıcı üçün məhdud olur. Bu, həmişədən belə olub. Sadəcə, Mərkəzi Bankın tələbləri sərtləşdiyindən, banklar da qaydalara uyğun bir çox kreditlərdə sərtləşdirmə əməliyyatı aparıblar". İqtisadçı deyir ki, ipoteka və ev tikintisi ilə bağlı olan kreditlər tamam fərqlidir: "Ev tikintisi ilə bağlı olan kreditləri şirkətlər götürür və ev tikir. Bunlar isə inşaat və əmlak kreditləri hesab olunur. Sonda tikilən evlərin kreditlə verilməsi ipoteka krediti adlanır. İnanmıram bu vaxtadək hansısa şirkət ipoteka kreditini iş yerindən arayışsız verib. Çünki burada söhbət 1000-2000 manatdan deyil, 50-100 min matandan gedir. Yəni, alıcının aylıq gəlirləri, aylıq xərcləri göz önünə qoyularaq ipoteka krediti verilir. Qeyrisi mümkün deyil".

Hər halda, proseslərin gedişi bir daha bank sektorunda ciddi yeniliklərin olduğunu və bunun kredit bazarına ciddi təsir göstərdyini deməyə əsas verir.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu tendensiya davam edərsə, tikinti şirkətlərinin iflası qaçılmazdır: "Əvvəllər tikinti şirkətləri kommersiya bankından kredit götürürdü. Banklardan götürdükləri vəsait hesabına alıcılara mənzil təklif olunurdu. Artıq bu mexanizm dəyişib. Tikinti şirkətlərinin bu imkanı yoxdur və bu səbəbdən də evləri kreditə təklif edə bilmirlər. Bu yeni dəyişikliklər tikinti sahəsində fəaliyyət göstərən şirkətlərə mənfi təsir edəcək. Sözügedən şirkətlərin imkanı olmayacaq ki, inşa etdikləri mənzilləri vətəndaşlara kredit yolu ilə satsınlar. Əgər bu hal bir müddət davam edərsə, bu hal bəzi tikinti şirkətlərinin iflasına gətirib çıxaracaq".