Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ölüb, bir nəfər yaralanıb

13 Fevral 2014 17:59 (UTC+04:00)

Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı ölənlərin sayı iki nəfərə çatıb.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xətai rayonu Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən "LUKoil" yanacaqdoldurma məntəqəsində təmir işləri aparan zaman partlayış olub. Nəticədə təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, hadisə barədə Təcili Yardıma çağırış saat 16:20-də daxil olub: "Xətai rayonunda yerləşən "LUKoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfərdə - Şamxal Orucovda həkiməqədərki ölüm qeydə alınıb, digər yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib". Bundan başqa, 1986-cı il təvəllüdlü Turab Həşimov müxtəlif xəsarətlərlə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

 

Partlayış zamanı "Mitsubishi" markalı 10 PK 441 dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşüb.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.