Azərbaycanda direktora cinayət işi açıldı
13 Fevral 2014 18:38 (UTC+04:00)
Rüşvətə görə həbs edilən kollec direktoru ilə bağlı cinayət işi
açılıb. Movqe.az-ın Baş Prokurorluğunun saytına istinadən verdiyi
məlumata görə, Ucar rayon sakininin Ağcabədi Pedaqoji Kollecinin
direktor əvəzi Sahib Hüseynovun qanunsuz hərkətlərə yol verməsi
barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə
daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq
tədbirləri həyata keçirilib. Kollecin direktor əvəzi Sahib
Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq
qiymətlər alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 11
fevral 2013-cü il tarixdə 450 manat məbləğində rüşvəti təhsil
müəssisəsinin inzibati binasında vasitəçidən istifadə etməklə özü
üçün alarkən cinayət başında yaxalanmasında və qeyd edilən əməli
törətməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət
Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi
başlanıb.
Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən
müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti
otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və
soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri
yazılmış jurnal aşkarlanıb. Həmçinin 59 ədəd plastik ödəmə kartı və
həmin kartlara aid açılmamış vəziyyətdə pin-kod vərəqləri,
şəxsiyyət vəsiqələri, "Ədalət və Qanun" qəzetinin redaktoru
işləməsi barədə özünə aid vəsiqə və digər sənədlər, eyni zamanda
yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar
edilərək götürülüb.
S.Hüseynov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə
barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda tələbələrin
adlarının qarşısında pul məbləğləri qeyd olunmuş jurnal, təqaüd
kartları və əldə edilmiş digər sənədlər əsasında kollecdə sistemli
rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan
cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb
edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir. Xatırladaq ki, ANS PRESS 11 fevral tarixində bu hadisə
ilə bağlı məlumat yayımlayıb.