Manatın da devalvasiyası vacib sayıldı

14 Fevral 2014 07:55 (UTC+04:00)

Məlumat verildyi kimi, bu günlərdə Qazaxıstan Milli Bankı tengenin rəsmi məzənnəsinin devalvasiyası barədə qərar qəbul edib. Milli pul olan tengenin ABŞ dollarına qarşı məzənnəsi 30 tenqe düşüb. Belə ki, əgər fevralın 11-nə tenqenin dollara qarşı rəsmi məzənnəsi 155 tenge-1 dollar təşkil edirdisə, Qazaxıstan Fond Birjasında aparılan hərraclarda açılış məzənnəsi artıq 186 tengeyə bərabər olub, kommersiya bankları isə dolları ən aşağı 190 tenqeyə satır.

Qeyd edək ki, Qazaxıstan Milli Bankının rəsmiləri əvvəllər bəyan edirdilər ki, rəsmi məzənnənin 145-155 tenge-1 dollar səviyyəsində saxlanması ölkədə makroiqtisadi sabitliyin qorunmasını təmin edir. Hazırkı devalvasiya isə dünya bazarında baş verən dəyişikliklərə və Rusiya rublunun məzənnəsi ilə bağlı müşahidə olunan qeyri-müəyyənliklə izah edilir. Hazırda Almatı regionunda 1 dollara hətta, 220 tenge verirlər. Hamı çalışır ki, əlindəki tengesini dollara dəyişsin. Çünki tengenin ucuzlaşmasının dayanacağına ümid etmirlər. Əmanətçilərin banklarda tengedə saxladıqları pullar bir günün içində 19 faiz ucuzlaşıb. Halbuki, Milli Bank sədri Qairat Kelimbetov cəmi bir neçə ay qabaq qazaxıstanlıları öz pullarını tengedə saxlamağa çağırırdı. Qazaxıstan Milli Bankın bəyanatında deyilir ki, ABŞ-ın Federal Rezerv Sistemi, yəni ABŞ Mərkəzi Bankının əlavə pul çapını azaltması kapitalın inkişaf etməkdə olan ölkə iqtisadiyyatlarından inkişaf etmiş güclü ölkələrə axmasına aparır. "Economist İntelligence Unit" təşkilatının Mərkəzi Asiya üzrə eksperti Aleks Nays Qazaxıstanın qərarının səbəbini belə izah edir: "Yanvar ayından inkişaf etməkdə olan ölkələrin milli valyutaları dollara nisbətən düşməkdədir. Yerli pulu dəyərdən salan digər amillər isə neftin ucuzlaşması, ixracın zəifləməsi, idxalın isə kəskin şəkildə bahalanmasıdır".

Qazaxıstanın Milli Bankı sonuncu dəfə 2009-cu ildə milli pulun məzənnəsini 1 dollara 117 tengedən 150 tengeyə salmışdı. Qazaxıstanda 3 ən böyük avtomiobil satışı şirkəti elan edib ki, satışları müvəqqəti dayandırırlar. Çünki qiymətlə bağlı sabitliyi gözləyirlər.

Tenge devalvasiya edilən kimi Qazaxıstanda dükanlar, mağazalar bağlanıb. Çünki burdakı malların əksəriyyəti xaricdən gətirilir, dükan sahibləri sərfəsiz qiymətə satmaqdan qorxur, almaq istəyən isə çoxdur. Aleks Nays bu xüsusda bildirir: "İstehlak mallarının çoxu xaricdən gəlir, onların qiyməti artacaq. Qiymətin qalxmağı inflyasiyanı artıracaq. Uzun müddəti götürəndə, ucuz tenge daxili istehsalçılara kömək edə bilər və ola bilsin, yerli əhalini həvəsləndirsin ki, yerli mal alsınlar. İstənilən halda, inflyasiya artacaq və bu, real problemdir. Mənim fikrimcə, bu, sıravi qazaxları əsəbiləşdirəcək".

Qazaxıstanda işləyən özbək, qırğız, tacik miqrantlar da narahatdır. Onlar maaşı tenge ilə alırlar. Sonra dollara ya avroya çevirib, evə göndərirlər. Indi onların evə göndərdiyi 19 faiz az olur. Türkmənistan Qazaxıstanla oxşar vəziyyətlə qarşılaşıb. İdxalı ixracından çox olan Qırğızıstan və Tacikistan xaricdə işləyənlərin evə göndərdiyi puldan asılıdır. Rusiyada da rubl dəyərdən düşür. Xaricdəkilərin evə göndərdiyi pul azalır. Bu da sonda Qırğızstanın və Tacikistanın milli valyutalarını təzyiq altında saxlayacaq.

Maraqlıdır, Azərbaycanda Qazaxıstandakı kimi devalvasiya ola bilərmi? İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, manatın devalvasiyası nəinki mümkündür, hətta vacibdir: "Azərbaycan qeyri-neft sektorunu, daxili istehsalı inkişaf edirmək istəyirsə, manatı devalvasiya etməlidir. Bundan başqa güclü yerli valyuta məlum Holland sindromunun səbəblərindən biridir". Ancaq Vüqar Bayramov yumşaq devalvasiyanın tərəfdarıdır. Yəni şok yaratmamaq üçün tədrici devalvasiyaya gedilməlidir.

Bəs "yumşaq devalvasiya" deyəndə nə qədər devalvasiya nəzərdə tutulur? İqtisadçının fikrincə, ildə 6 faizlik devalvasiya manat üçün kifayətdir, lakin hələlik Mərkəzi Bank devalvasiyaya getmir və bunu etmək üçün əlində vasitələr var.