ANS-dən əməkdaşlarının hədələnməsi ilə bağlı açıqlama
14 Fevral 2014 20:00 (UTC+04:00)
ANS Şirkətlər Qrupu bu gün haqqında yayılan şayiələrə cavab verdi.
Bununla bağlı ANS Müstəqil Yayım və Mediya Şirkətinin ictimai
əlaqələr xidməti bəyanat yayıb. Bəyanatda deyilir: "Bu gün bir sıra
internet portalları və saytları Suriyada mövcud rejimə qarşı
döyüşən azərbaycanlıları dəstəkləyən dindarların guya ANS-in
əməkdaşları da daxil olmaqla bir neçə jurnalisti təhdid və təhgir
etdiyi barədə məlumatlar yayıb. Lakin bir müddət sonra ANS
əməkdaşlarının adlarının həmin siyahıya yanlış olaraq düşdüyü
aşkarlanıb və səhv aradan qaldırılıb. Amma təkcə elə bu fakt
Azərbaycan mediyasında yeni yaranmış və hər bir vətəndaş üçün
acınacaqlı nəticələrə səbəb ola biləcək tendensiyanı üzə çıxardı.
Bu, mənbəyi sosial mediya adlanan məlumatlara istinad edilməsidir.
ANS-in hələ 1994-cü ildən fəaliyyət göstərən konsepsiyasına görə,
ANS-in jurnalisti mənbəyi dəqiq göstərilməyən məlumatları yaya
bilməz. Belə ki, ANS Yayım və Mediya Şirkətində "ekspertlərin
rəyinə görə", "adlarını gizli saxlamaq istəyən mənbələr", "harasa
yaxın olan mənbələr, "bəzi mətbu orqanlarına istinadən və ya
"sosial şəbəkələrə istinadən" kimi ifadələrin yayılması qadağandır.
Əslində, bu yasaq peşəkar jurnalistikanın təməl prinsipidir və
kütləvi informasiya vasitələrində çalışanlar bu prinsipərə riayət
etməyə sadəcə borcludur. Eyni zamanda bu prinsiplər vətəndaşları
hər hansı qərəzli və böhtan xarakterli məlumat almaqdan qoruyur.
ANS bir mətbu orqan olaraq Azərbaycanda 90-cı ildən fəaliyyət
göstərir və heç bir siyasi, dini fəaliyyətlə məşğul olmur. ANS-in
sıralarında müxtəlif dini və milli mənsubiyyətə malik insanlar
çiyin çiyinə çalışır. Bizim işimiz mövcud hadisələrin
işıqlandırılması ilə yanaşı həm də Azərbaycan və azərbaycançılılıq
prinsilərinin qorunmasıdır. ANS kütləvi informasiya
vasitələrində çalışan həmkarlarına həmişə hörmət və ehtiramla
yanaşır və eyni münasibəti özü üçün də arzulayır. İnanırıq ki,
kütləvi informasiya vasitələri arasindakı münasibətlər gələcəkdə
daha etibarlı dayaqlara əsaslanacaq və cəmiyyətin doğru
məlumatlandırılmasına xidmət edəcək".