Havanın temperaturu enəcək

15 Fevral 2014 16:50 (UTC+04:00)

Azərbaycanda sabah havanın temperaturu bir qədər enəcək, küləyin sürəti bəzi ərazilərdə arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, fevralın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimal edilir. Mülayim şimal küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 16-da hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.