Müdafiə naziri Zakir Həsənov bir qrup mədəniyyət və incəsənət işçisini mükafatlandırıb

15 Fevral 2014 20:30 (UTC+04:00)
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Şəxsi Heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə bir qrup mədəniyyət və incəsənət işçisini mükafatlandırıb. Movqe.az-ın məlumatına görə, mükafatlandırılanlar arasında Azərbaycan Televiziya və Radiosunun Musiqi kollektivlərinin bədii rəhbəri, Səs yazma evinin direktoru Ramil Qasımov da var. Ramil Qasımov tez-tez Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətləri qarşısında solo konsertləri və Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri ilə birlikdə çıxışlar edir. Azərbaycan Televiziyasının fəaliyyətə başlamasının 58-ci ildönümü qeyd edilən gün müdafiə nazirinin əmri ilə təltif olunduğu fəxri Fərman Ramil Qasımova təqdim edilib. Sənətçi açıqlamasında bildirib ki, hərbi marşlar və vətənpərvərlik mahnılarından ibarət yeni konsert proqramının hazırlıq işlərini başa çatdırıb: "Müdafiə nazirinin sənətə verdiyi bu qiymətə cavab olaraq, Novruz bayramı ərəfəsində biz cəbhə bölgələrində xidmət edən vətən müdafiəçilərinin qonağı olacaq və onlara musiqili xoş ovqat yaşadacağıq".