Azərbaycanda rəqəmsal TV-nin kommersiya paketinin əhatəsi genişlənir

16 Fevral 2014 16:35 (UTC+04:00)

DVB-T2 rəqəmsal televiziyanın kommersiya paketi martın ortalarında Quba rayonunda istismara veriləcək. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən deyiblər.


Paketə 70-dən çox televiziya proqramı daxil ediləcək. Kommersiya paketindən yaxın rayonlarda da (Qusar, Xaçmaz, Şabran və digər) istifadə etmək mümkün olacaq.


Kommersiya rəqəmsal paketə qoşulma haqqı Gəncədə qüvvədə olan tarifə (52 manat) uyğun olacaq. Məbləğə aylıq abunə haqqı, tunerin qiyməti və ödəniş SMART-kartı daxildir. Kommersiya paketin aylıq qiyməti 6 manatdır.


Yaxın vaxtlarda Gəncədə rəqəmsal paketdə təqdim edilən telekanalların sayı (hazırda 54) artırılacaq.


"Teleradio" İB Zaqatala rayonunda da rəqəmsal kommersiya paketini tətbiq etməyi planlaşdırır.


Azərbaycan ərazisində rəqəmsal televiziyanın (DVB-T) TV ötürücülərinin sayı 87 ədəddir. Respublika əhalisinin 98 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub. Açıq paketdə 12 TV proqramı mövcuddur.