Suraxanıda Heydər Əliyev Mərkəzində 11-ci sinif şagirdlərinə müasir Azərbaycan tarixinin tədrisinə başlanıldı

17 Fevral 2014 13:47 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslər tədris olunacaqdır.


Suraxanı rayonu Heydər Əliyev Mərkəzi "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli Lider Heydər Əliyecin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə cari ilin fevral-may aylarında Mərkəzdə 11-ci sinif şagirdlərinə tədris olunması üçün rayonun bütün məktəblərini əhatə edən qrafik tərtib etmiş, ixtisaslı tarix müəllimlərindən və ölkəmizin nüfuzlu ali təhsil və elmi müəssisələrində çalışan tarixçilərdən ibarət tərkib seçmişdir. Dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri təşkilati məsələlər həll edilmişdir.


17 fevral 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda ilk dərs 114 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinə tədris olunmuşdur.


114 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri əvvəlcə Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Rayonun Heydər Əliyev parkında olmuş, parkla tanışlıqdan sonra Ümummilli Liderin Suraxanı rayon Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, abidənin önünə tər güllər qoymuşlar.


Şagirdlər daha sonra Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, 2009-cu il may ayının 4-də fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilmişdir. Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 120-dən yuxarı tədbir keçirilmişdir.


Mərkəzdə Multimedia və Rəsm studiyaları, Elektron kitabxana fəaliyyət göstərir. 2013-cü ilin sonuna qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 45000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 12 mindən artıq istifadəçi faydalanmışdır.


Mərkəzlə tanışlıqdan sonra Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsində şagirdlərə uğurlar arzuladı və şagirdlərin diqqətinə çatdırdı ki, Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün mümkün ola bilən hər bir işi görüb.


Sonra dərs başladı. "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda dərsin tədrisi zamanı ana ekranda dərs müvafiq foto-video materiallarla tədris olunarkən Mərkəzdə quraşdırılmış ekranların birində memarı və qurucusu Ulu Öndər olan Müstəqil Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bugüngü sosial-iqtisadi inkişafdan, aparılan abadlıq və quruculuq işlərindən, digər ekranda isə Suraxanı rayonunda gedən abadlıq və quruculuqdan bəhs edən materiallar şagirdlərin diqqətinə çatdırılmışdır.


Mövzunu tədris edən müəllimə şagirdlərin diqqətinə çatdırdı ki, Heydər Əliyevin həyatını vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətlərinin parlaq nümunələri gözlərimiz


önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz nadir tarixi şəxsiyyətdir.


"Azərbaycan dünyaya günəş kimi doğacaq" deyən Ümummilli Liderimiz 1969-1987-ci illərdən başladığı işləri 1993-cü ildə yenidən qətiyyət və müdrikliklə davam etdirdi və Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. Ulu Öndər böyük fədakarlıqla Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, onu dönməz, daimi və əbədi etdi. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" söyləyən Ulu Öndər Azərbaycanın dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı.


Dərsdə xüsusi vurğulamışdır ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasət əbədiyaşardır və onun xatirəsi Azərbaycan xalqı var olduqca yaşayacaqdır. Ulu Öndər Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Sıçrayışlı inkişaf və modernləşmə dövrünü yaşayan Müasir Azərbaycanımız yaradılmış möhkəm təməl üzərində dinamik inkişaf edərək iqtisadi qüdrətini davamlı artıraraq regionun lider dövlətinə çevrilmiş, dünya birliyində layiqli yerini tutmuş, etibarlı tərəfdaş kimi tanınmışdır.


Canlı diskusiya şəklində keçən dərsdə şagirdlərin çoxsaylı sualları cavablandırıldı.


Dərsin bir özəlliyi də ondan ibarət idi ki, dərsə canlı bağlanti vasitəsi ilə qoşulan rayon məktəblərinin ötən il 11-ci sinifində təhsil almış, hazırda isə Almaniyadi Tibb universitetində təhsil alan Mikayılov Əziz Elgiz oğlu və Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında bank işi üzrə təhsil alan Hüseynov Orxan Əlisəfa oğlu şagirdlərə təhsildə uğurlar arzuladılar və qürur hissi ilə şagirdlərin diqqətinə çatdırdılar ki, möhtərəm Prezidentimiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir.


Dərs Mərkəzin sifarişi ilə hazırlanmış "Tarixi yaradan şəxsiyyət – Heydər Əliyev" filminə baxışla yekunlaşdı.