Kredit kartları ilə bağlı fırıldaq halları çoxalacaq

17 Fevral 2014 15:58 (UTC+04:00)

Kredit kartlarından istifadənin geniş yayıldığı ölkələrdə bu sahədə fırıldaq və cinayət hallarının digərlərinə nisbətən yüksək olması sirr deyil. Azərbaycanda da nağdsız ödəmələrin stimullaşdırılması fonunda belə kartlardan istifadə tədricən genişlənməkdədir. Belə olan halda ölkəmizdə də kredit kartları ilə bağlı fırıldaq halları genişlənə bilərmi? 

Hüquqşünas Eldar Qocayev məsələ ilə bağlı Movqe.az-a açıqlama verib: "Tək bizdə yox, bütün dünyada kredit kartları üzərindən aparılan fırıldaqçılıq halları artıq yeni tipli cinayətlər kateqoriyasına aiddir. Ən inkişaf etmiş ölkələrdə artıq bu cinayətin də inkişaf etmiş yeni formaları yayılıb. Bu, tamamilə ölkələrdəki texnolji inkişafla bağlıdır. Texnologiya hansı ölkədə daha çox inkişaf edibsə, fırıldaqçılıq halları da o ölkələrdə daha çox baş verir. Buna görə də, bu sahə üzərindən görülən cinayətlər də mürəkkəb olur". 

Hüquqşünas ölkəmizdə "Elektron ticarətin inkişafı və kibercinayətkarlığının qarşısının alınması"  ilə bağlı proqram paketinin hazırlandığını dedi: "Dünyanın əksər ölkələrində ödəmələr kredit kartları ilə aparıldığı üçün bizdə də bu sahəyə maraq gündən-günə artır. Ayrı-ayrı banklar isə insanların inamını yalnız bu kibercinayətkarlıqlara qarşı necə mübarizə aparması ilə qazana bilər. Bu istiqamətdə həm hüquqi baza, həm də texniki təminat baxımından bir çox addımlar atılır. Maddi-texniki bazanın yaradılması baxımından bunlarla mübarizə aparacaq instituların formalaşması ilə bağlı, ayrı-ayrı təhlükəsizlik orqanları, istər Milli Təhlükəsizlik Nazirliyi, istər Daxili İşlər Nazirliyi tərəfindən işlər aparılır. Bir yandan hüquqi tərəflər formalaşdırılır, digər tərəfdən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müvafiq təsisat yaradır, bu kimi cinayətkarlıq hallarının qarşısını almaq üçün öz işlərini görür. O ki qaldı konkret nələrinsə təkmilləşdirilməsinə, bununla bağlı ortada təkliflər paketi var. Bu nazirliklər səviyyəsində müzakirə olunur. Mövcud təkliflər paketini "Elektron ticarətin inkişafı və kibercinayətkarlığının qarşısının alınması"  adlandırmaq olar. Burda 10 qanunvericilik aktına əlavə və dəyişikliklərdən söhbət gedir. Dəyişikliklərin 5-i Cinayət Məcəlləsinə aiddir. Eləcə də bir sıra qanunlar var ki, məsələn, elektron ticarət haqqında qanun, elektron imzalı sənəd dövriyyəsi haqqında qanun və s. sahəsində dəyişikliklər nəzərdə tutulur. Burda hər bir qanunvericinin əhatə dairəsinə görə, hansı müddəaların təkmilləşdirilməsinə ehtiyac varsa, onunla bağlı dəyişikliklər təklif olunur. Proses getdikcə ilbəil yeni məsələlər ortaya çıxır. Bir il, il yarım əvvəl təklif olunmuş məsələlərə indi ya yeni istiqamətdə baxmaq lazımdır, ya da yeni təkliflər vermək lazımdır. Çünki, beynəlxalq təcrübədən yeniliklər gəlir. Digər tərəfdən isə Azərbaycan 2008-ci ildə "Avropa kibercinayətkarlıq konvensiyasın"a qoşulubdur. Bu, həm zamanın tələbidir, həm də ki, öhdəlikdir". 

Eldar Qocayeb bütün bunlara rəğmən, hələ də bir sıra həllini tapmalı olan məsələrin mövcud olduğunu da bildirdi: "Bu gün möhkəmləndirilməli olan istiqamətlərə gəlincə isə, bank  əməliyyatlarının, nağdsız ödənişlər və s. təhlükəsiz həyata keçirilməsi üçün bizdə kibercinayətkarlığı sahəsinə nəzarəti gücləndirmək lazımdır. Onun üçün texniki təminat olmalıdır. Bir tərəfdən hüquqi cəhətdən bankların və həm də fərdi məlumatları saxlayan orqanların məsuliyyətini artırmaq lazımdır. Artıq qanunvericilik ayrı-ayrı bankaların məlumatlarını saxlayan təşkilatların üzərinə öhdəlik qoyacaq ki, əgər hər hansı bir istifadəçinin fərdi məlumatlarının sızması haqqında  xəbəri olarsa,  həmin an bank təşkilatına və kart sahibinə məlumat versin. Bu, bütün dünyada belədir. Çünki bir sıra dünya ölkələrində də bununla bağlı xoşagəlməz hallara təsadüf olunub. Heç bir bank özünün nüfuzunu korlayıb deyə bilməz ki, mənim məlumatlar bazamı oğurlayıblar və ya içəridən kimsə məlumat sızdırıb. Öz imicini korlaya bilməz. Çünki səhəri gün heç kim o banka müraciət etməyəcək. Azərbaycanda da belə hal yaşanmışdır. Bir neçə il bundan əvvəl İrandan gələn cinayətkar dəstə məlumatların oğurlanması ilə məşğul olmuşdu. Digər cəhətdən mühüm məlumatların toplanması və saxlanılması məsələsi də önəmlidir. Bununla bağlı da hüquqi cəhətdən görülməli işlər var. Başqa bir məsuliyyət isə cinayət məsələləri ətrafında nəzarətin çox sıx olması məsələsidir ki, orda infomasiya mənbələrinə girmə, informasiyanı dəyişmə  və məhviylə bağlı işlər görülə bilər.

Bildiyiniz kimi, bu gün internet üzərindən ticarət bütün dünyada geniş yayılıb. Elektron ticarət deyəndə bunu yalnız istehlakçı səviyyəsində başa düşmək olmaz. Məsələ bundan daha böyükdür. Artıq dünyada kommersiya münasibətləri, geniş ticarət münasibətləri elektron formada qurulur. Azərbaycanın hər hansı bir şirkət nümayəndəsi Fransaya gedib hansısa şirkətin nümayəndəsi ilə bir neçə dəfə görüşməsi və müqavilə bağlaması əvəzinə, sadəcə olaraq internet üzərindən elektron münasibət qurmaqla razılaşma əldə edə bilər. Amma burda bağlanan müqavilənin hüquqi qüvvəsi məsələsi var. Çünki bu kağız üzərində olmadığından, imza möhür məsələləri, bunun məhkəmədə dəlil kimi qəbul edilməsi məsələsi var. Heç bir sahibkar  sabahı gün hər hansı mübahisəli vəziyyət yarandığı təqdirdə qoyduğu vəsaiti itirə biləcəyini bilə-bilə bu işə riskə getməz. Yəni hər bir adam istəyər ki, onun bağladığı müqavilə hər hansı bir səbəbdən mübahisələndiriləndə məhkəmədə onun hüquqi əsasları olsun. Ona görə də, biz qanunvericilikdə həmin sənədlərin məhkəmədə sübut kimi qəbul olunması məsələsini qoyduq. Vahid formada sənəd olmalıdır ki, o Azərbaycan məhkəmələrində sübut və dəlil kimi qəbul edilsin. 

Bütün bunlardan başqa istehlakçılarının hüquqlarının müdafiəsi məsələsi var. Məsələn elə hallar olur ki, istehlakçı internetdə gördüyü hər hansı bir məhsulu sifariş edir. Gəlib əlinə çatanda görür ki, məhsul heç də internetdə göstərilən keyfiyyətlərə malik deyil. Və ya tez bir zamanda xarab oldu. Bu halda onun hüquqları necə müdafiə olunacaq? Bütün bu məsələlər öz həllini tapmalıdır".

Azərbaycanda hələ ki, kart fırıldaqçılığın aktual olmadığını deyən iqtisadçı-ekspert  Samir Əliyev də gələcəkdə belə təhlükəli halların qaçılmaz olduğunu da bildirdi: "Azərbaycanda kart fırıldaqçılığı bir o qədər də aktual deyil. Məsələn, Ukraynada, Amerikada, Avropa ölkələrindəki kimi geniş yayılmayıb. Bu da onunla bağlıdır ki, bizdə kredit kartlarından istifadə azdır. Ölkədə 5 milyona yaxın kredit kartı var və bunun da əksəriyyətini əmək haqqı və ya təqaüd kartları təşkil edir. Cəmi 10%, yəni 500 minə yaxın kredit kartından istifadə edən əhali var. Ümumilikdə kartlar üzrə hesablayanda, Azərbaycanda hər iki nəfərə bir kart düşür. Kredit kartları üzrə isə, vəziyyət daha acınacaqlıdır. Təbii ki, gün keçdikcə kredit kartlarından istifadəçilərin sayı artır. Amma hələ təhlükə o həddə çatmayıb ki, insanların kartlarından kütləvi şəkildə oğurluq edərək pul çəksinlər. Amma gələcəkdə, təbii ki, belə halların olması istisna deyil. Bu gün kredit kartlarından istifadə edən insanlara baxsaq görərik ki, onların əksəriyyəti savadlı insanlardır və informasiya texnologiyalarının geniş imkanlarından istifadə haqda məlumatları var. Lakin yalnız əmək haqqı üçün və ya təqaüd kartından istifadə edən insan informasiya texnologiyası haqda məlumatları dərindən bilməyə də bilər. Bir tərəfdən də, bizdə kredit kartlarının içindəki məbləğ də irihəcmli deyil. 100 manatdan başlamış, uzağı bir neçə min manata qədər olur. Amma gələcəkdə artıq kredit kartlarından istifadə geniş yayıldıqca karta yüklənilən vəsaitlər çoxalacaq. Bu səbəbdən fırıldaqçılar xüsusən kartdan istifadə etməkdə təcrübəsiz olan insanları dolandırmağa başlayacaqlar.  Bu qaçılmazdır. Məhz bu zaman təhlükəli məqam yetişəcək və belə hallara qarşı  ciddi tədbirlər görülməsinə ehtiyac yaranacaq".