"Zəlzələdən sonrakı proqnozlar və təşvişlər əsassızdır"
17 Fevral 2014 19:12 (UTC+04:00)
AMEA-nın Geologiya İnstitutu bəyan edir ki,
fevralın 10-da baş vermiş zəlzələdən sonrakı proqnozlar və
təşvişlər əsassızdır.
AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr
şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 10-da
Hacıqabul yaxınlığında baş vermiş 5,8 maqnitudalı zəlzələ
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu və
ABŞ alimləri tərəfindən birgə aparılan tədqiqatların nəticələrini
doğruldur. Belə ki, 1998-ci ildən 2010-cu ilə qədər aparılmış
araşdırmalardan sonra institutun direktoru, akademik Akif Əlizadə,
elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, şöbə
müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, həmçinin ABŞ-ın
Massaçusets Tenxnologiya İnstitutunun alimləri - Mayk Floyd, Robert
Reylinger, Sadi Kuleli, Kinq və Nafi Toksöz 2012-ci ildə "Natural
Hazard" jurnalında birgə məqalə dərc etdirmiş, Şərqi Qafqaz
ərazisində geodinamik prosesləri təsvir etmişlər. Alimlər bu elmi
məqalə ilə Kür köçəkliyi, Abşeron, xüsusən də Bakıda yer qabığının
sıxılması nəticəsində baş verən deformasiya prosesləri barədə
ətraflı məlumat vermişlər. Bildirmişlər ki, bu ərazidə toplanmaqda
olan güclü enerji yaşayış məntəqələrinə və Bakı ətrafında neft
infrastrukturuna təhlükə törədə bilər.
F.Qədirov qeyd edir ki, 16 ildir Geologiya
İnstitutunun alimləri amerikalı həmkarları ilə birgə GPS (qlobal
yertəyinetmə sistemi) stansiya və məntəqələrinin imkanlarından
istifadə edərək Qafqaz regionu, həmçinin Xəzər dənizində
monitorinqlər aparır, yerin dərinliklərindəki prosesləri öyrənir.
Müasir elmi tədqiqat texnologiyaları vasitəsilə izlənilən
vəziyyətin təzahürü fevralın 10-da təbii yolla hər kəs tərəfindən
müşahidə olunub. Bununla belə, alim əlavə edir ki, məqalədə böyük
dağıntılara səbəb olacaq zəlzələ haqqında heç bir söhbət getmir.
KİV-lərdə geniş miqyaslı fəlakətlər barədə yayılan informasiyalar
məqalənin müəlliflərinə aid deyil.
Xatırladaq ki, "Natural Hazard" jurnalındakı
məqalə yeni dərc olunduqda müəlliflərin məlumatları müəyyən KİV
tərəfindən düzgün tərcümə olunmamış, yanlış anlaşılmış və
ictimaiyyətdə böyük çaşqınlığa səbəb olmuşdu. Sonra alimlər
açıqlama verərək məsələyə aydınlıq gətirmişlər.
Bir neçə il bundan qabaq akademik A.Əlizadə təbii
fəlakətlər barədə elmi əsaslı məlumatların KİV-lərə yayılmazdan
qabaq dəqiq yoxlanılması məqsədi ilə AMEA-da xüsusi mütəxəssislər
qrupunun təşkili təşəbbüsünü irəli sürmüş, lakin təşəbbüs həyata
keçirilməmişdi. F.Qədirov həmin ideyanın reallaşdırılmasını vacib
sayır, belə bir mütəxəssislər qrupunun təşkilini zamanın tələbi
hesab edir.