Dünyanın genetik atlası tərtib olunub

18 Fevral 2014 10:22 (UTC+04:00)

Britaniyalı alimlər son 4 min il ərzində dünyada əhalinin formalaşmasına mühüm təsir göstərən hadisələrin genetik "irs" xəritəsini hazırlayıblar və nəticədə bəşəriyyətin və müasir xəstəliklərin mənşəyinin inkişaf tarixini daha yaxşı anlamağa imkan verən dünyanın genetik atlası yaradılıb. Bu barədə Oksford Universiteti və London Universitet Kollecinin alimləri tərədfindən keçirilmiş tədqiqatda bildirilir.

Dünyanın genetik atlası bütün dünya üzrə böyük insan qrupları arasında hamıya məlum olan tarixi qarşılıqlı əlaqələrin təsiri altında 95 müxtəlif insan populyasiyasının DNT dinamikasınının müşahidəsi əsasında hazırlanıb. Genetiklərin və tarixçilərin nəzər nöqtəsinə Avropa müstəmləkəçiliyi, ərəb qul ticarəti, Monqol imperiyası hökmranlığı və "Böyük İpək yolu" boyunca ticarət kimi hadisə və proseslər düşüb.

Tədqiqat ümumi əcdadların olduğunu sübut edən DNT zəncirində təkrarolunan sahələrin üzə çıxarılması və ayrıca bir qrupun DNT-sinin başqa populyasiyalar ilə müqayisəsi əsasında qurulub: təkrarolunan sahələr nə qədər uzun olubsa, qrupların qarışması bir o qədər tez-tez baş verib. "Bizim götürdüyümüz DNT nümunələrinin 80 faizə yaxını iki və ya daha çox müxtəlif genetik qrupların birləşməsi kimi nəzərdən keçirilir"- tədqiqatın aparıcı rəhbəri Qerret Hellental bildirib.

Pakistanda yaşayan xəzərilərin qismən Monqol imperiyası döyüşçülərindən yarandığı, eyni zamanda yenə Pakistanda yaşayan və monqol DNT-si "izləri" olmayan, lakin Şimali və Şərqi Avropadan olan qruplarla qohumluğa malik kalaş xalqı buna nümunə kimi göstərilir. Burada monqol DNT-sinin olmaması onunla izah edilir ki, bu xalq çətinkeçilən dağ regionunda yaşayır və ehtimal ki, məhz buna görə döyüşkən qonşuları tərəfindən fəth edilməyib. Eyni zamanda kalaşlar arasında onların öz mənşəyini Makedoniyalı İskəndər döyüşçülərindən götürməsi barədə populyar olan ideya da (saç və gözlərinin açıq rəngdə olması bu xalq üçün səciyyəvi əlamətdir) britaniyalı alimlərin tədqiqatına zidd deyildir.

Bununla bərbər, tədqiqatın müəllifləri hesab edirlər ki, tarixi hadisələrə yeni baxışla yanaşı, onun nəticələri DNT-nin insanın sağlamlığı və xəstəliklərinə necə təsir etdiyini anlamaqda kömək edəcək. Belə ki, güman olunur ki, bəzi populyasiyalar başqa populyasiyalara nisbətən müəyyən xəstəliklərə daha çox meylli olur və bu amillər ayrı-ayrı populyasiyaların dərman preparatlarına müxtəlif cür həssaslıq göstərməsinə təsir edə bilər. Müəlliflər qeyd edirlər ki, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatlara bəzi insan populyasiyalarında rast gəlinən və müəyyən xəstəliklərin inkişafına səbəb olan nadir genetik mutasiyaların daha ətraflı təsviri daxil edilə bilər.