Ali məktəblərə köçürülmə qaydaları açıqlandı

18 Fevral 2014 12:56 (UTC+04:00)

 "Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsil alma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir".

Movqe.az-ın nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq edilən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ına əsasən, ixtisasın dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı üzrə qəbul planı ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılır. Qaydalara görə ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır. Bakalavriat səviyyəsində xarici ölkə ali təhsil müəssisəsində təhsil alan tələbənin ailəsi və ya özü təhsil aldığı müddətdə ailə qurması ilə əlaqədar Azərbaycana köçdükdə yuxarıda qeyd olunan tələblər ali təhsil müəssisəsini və ya ixtisasını dəyişməsi zamanı nəzərə alınmır. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında (qiyabi təhsilalma formasından əyaniyə keçirilərkən çağırış yaşı çatmış oğlanlar üçün hərbi xidmətdən möhlət hüququ barədə arayış əlavə olunmaqla) rektorun əmri ilə həyata keçirilir. Bu halda oğlanların hərbi uçot sənədlərində müvafiq qeydlər aparılır. Digər ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmək istəyən tələbə müəyyən sənədləri təqdim etməklə köçürülmək istədiyi ali təhsil müəssisəsinə ərizə ilə müraciət etməlidir. Tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsində onun təqdim etdiyi sənədlər "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması və dünya reytinq cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq sorğular göndərilməklə köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Köçürülmə üçün əsas olmadığı hallarda ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Tələbələrin köçürülməsi mümkün sayıldığı hallarda ali təhsil müəssisəsi onların siyahısını Təhsil Nazirliyinə təqdim edir.