Kəndli məhsulları hələ də sığortalanmır

18 Fevral 2014 15:12 (UTC+04:00)

Mövsümlə əlaqədar bir neçə gün öncəyə qədər müşahidə olunan soyuq və şaxtalı hava yenə də fermerlərin zərərə uğramasına səbəb oldu. Şaxtalı havaların yenidənqayıdacağına dair səsələnən fikirlər isə fermerlərin üzləşdyi zərəri daha da artıra bilər. Xaıtrladaq  ki, şaxtalı havanın təsirindən cənubda bir çox yerlərdə sitrus meyvələri, şimalda alma məhv olaraq yararsız hala düşüb. Halbuki, bu məhsullar sığorta olunsaydı, fermerə dəyən ziyan da sığorta şirkəti tərəfindən ödənər, fermerin üzərinə düşən yük yüngülləşərdi. Ölkə iqtisadiyyatının mühüm bir hissəsi olmasına baxmayaraq, hələ də kənd təsərrüfatı sahəsində sığorta müqavilələri çox az sayda bağlanır. 

Bunu kənd təsərrüfatı sahəsinin az gəlirli və riskli olmasıyla əlaqələndirən Vahid Məhərrəmov Movqe.az-a açıqlamasında dövlətin xüsusi proqram çərçivəsində bu işə müdaxiləsinə ehtiyac olduğunu dedi: "Azərbaycanda kənd təsərrüfatı sahəsində sığorta məsələsi bir qədər problemlidir. Bu sahədə cəmi 0.6 % sığortalama həyata keçirilir. Səbəb isə odur ki, bu sahə gəlirli deyil. Və eyni zamanda sığorta şirkətləri kənd təsərrüfatı məhsullarının istehsalı, daşınması, satışı prosseslərinin sığortalanmasında ona görə maraqlı deyillər ki, həm yetişdirilmə, həm daşınma, həm da satış çox risklidir. Düşünürəm ki, dövlət müəyyən proqram çərçivəsində məsələnin həllinə çalışmalıdır. Bütün hallarda bizim fermerlərimiz zərərə məruz qalır və əziyyət çəkirlər.Əksər dünya ölkələrində məhsulların istehsalı da, daşınması, saxlanması və satışı da sığortalanır. Hər hansı hadisə baş verəndə sığorta şirkəti fermerin itirdiyi pulun ya bir qismini, ya da hamısını ödəyir. Bu sistem bizdə də qurulmalıdır. Fermerlərlə sığorta şirkətləri arasında anlaşma əldə edilməlidir. Qaydalar yüngülləşdirilməlidir ki, sığorta hadisəsi baş verdiyində fermer özünü müdafiə edə bilsin. Bizim fermerlər hüquqi cəhətdən məlumatlı olmadığı üçün bəzi sığorta şirkətləri belə hallar baş verəndə sığorta ödəməkdən yayınırlar. Dediyim kimi, dövlət müəyyən proqram qəbul etməli və bu məsələyə daha ciddi yanaşmalıdır". 

Sığortaçı ekspert Xəyal Məmmədxanlı  isə mövcud problemi bu cür izah etdi: "Kənd təsərrüfatı resurslarının sığortası sahəsində Azərbaycanda vəziyyət heç də xoşagələn deyil. Bu, birincisi onunla bağlıdır ki, kənd təsərrüfatı sahəsi xüsusi diqqət və xüsusi mütəxəssislər tələb edir.  Bu cür mütəxəssislər isə bu gün Azərbaycanda yalnız bir-iki şirkətdə mövcuddur. İkinci bir məsələ ümumiyyətlə, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış mütəxəssislərin sayının çox az olması ilə bağlıdır. Və nəhayət üçüncü bir məsələ bir çox fermerlərin kənd təsərrüfatı resurslarının sığortasının mümkünlüyündən xəbərinin olmamasıdır. Çünki, dəfələrlə olub ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla söhbətlər aparmışıq və onlara izah etmişşik ki, siz məhsulunuzu doludan, qardan, təbii fəlakətlərdən,ziyanverici həşəratların hücumundan, xəstəliklərdən  və s. sığorta etdirməyin mümkünlüyünü bilirsinizmi? Əksəriyyətinin ümumiyyətlə, bundan xəbəri yoxdur. Ona görə də, birinci ən əsas problem fermerlərin məlumatsız olmasıdır. Bundan başqa, digər sığorta növlərindən fərqli olaraq bu növlə az sığorta şirkətinin məşğul olması səbəbindən, onlar da çatdırıb bütün ölkədə bunun təbliğatı ilə məşğul ola bilmirlər. Nəticədə də, insanların məhsullarını sığortalatmaq  imkanlarının olmasından xəbərləri yoxdur. 

Bu gün Azərbaycanda fermer təsərrüfatının çox böyük xərcləri var. Xüsusilə nəzərə alınmalıdır ki, də onların qazancları heç də yüksək səviyyədə deyil və maddi baxımdan da imkanları çatmır ki, məhsullarını sığortalatsınlar. Amma  bu günün reallığına baxanda görmək olur ki, kənd təsərrüfatı Azərbaycan ən perspektivli sahələrdən biri olmalıdır. Ölkədə kənd təsərrüfatı risklərinin sığortası sahəsində şirkətlər çox təəssüf ki, səthi iş aparırlar. Bəzilərinin lisenziyalarında bu sığorta növü olsa da, statistikalarına baxdıqda isə, görürsən ki, heç müqavilələri də yoxdur. Bu işlə məşğul olan bir neçə şirkət var ki, onların da apardığı iş çox təssüf ki, kifayət edəcək dərəcədə deyil".