Kəsiri olan tələbələrə şad xəbər

19 Fevral 2014 13:27 (UTC+04:00)

Azərbaycanda bundan sonra tələbə tədris müddəti ərzində kredit balını toplamadığı üçün ali məktəblərdən xaric edilməyəcək.  APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ölkədə təsdiq edilən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"a əsasən, tələbələr kredit balını ödəyənə kimi ali məktəbdə təhsil ala biləcəklər və onların hər hansı bir kursda xaric edilməsi baş verməyəcək: "Tələbələr bəzi hallarda ali məktəblərdən xaric ediləcək. Belə ki, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali məktəbdən xaric olunacaqlar".  

C. Valehov qeyd edib ki, universitetdən xaric olunan tələbə sonradan bir neçə dəfə ali məktəbə bərpa oluna bilər və buna heç bir məhdudiyyət qoyulmur. Onun sözlərinə görə, ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər.