Bələdiyyələrlə bağlı 25 material prokurorluğa göndərilib

19 Fevral 2014 19:45 (UTC+04:00)

Ötən il inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 14 faiz artaraq 60 minə yaxın olub və 2 min 500-ə yaxın akt Ədliyyə Nazirliyinin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirə zamanı bildirilib. Qeyd edilib ki, pozuntulara yol verən 364 bələdiyyə sədri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli faktlarla bağlı 25 material prokurorluğa göndərilib. 2013-cü ildə məhkəmə ekspertizası sahəsində nazirliyə 42 ekspert ixtisası üzrə 23 minə yaxın iş daxil olub, ekspertlər 263 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,8%-ni həll ediblər. Bundan başqa, Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə üzv qəbul olunub Azərbaycanın Məhkəmə Ekspertizası Mərkəzi apardığı ekspertiza növlərindən 4-ü beynəlxalq standartlara cavab verməsi ilə bağlı müvafiq sertifikata layiq bilinib.