Fondun ektron xidmətlərinin sayı azaldıldı

20 Fevral 2014 10:14 (UTC+04:00)

Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib. Movqe.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sırasına bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu daxil edilib.  

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təqdim etdiyi elektron xidmət növlərinin sayı isə azaldılıb. Fond bundan sonra şəxsi hesab vərəqəsindən çıxarışın və üzləşmə aktlarının sığortaedənə verilməsi, növbəti səyyar yoxlamanın keçirilməsinin vaxtının dəyişdirilməsi  və növbədənkənar səyyar yoxlamanın keçirilməsi üçün müraciətin qəbulu ilə bağlı elektron xidmətlər təklif edə bilməyəcək.