Bu il bir neçə bank fəaliyyətini dayandıracaq

20 Fevral 2014 18:04 (UTC+04:00)

Məlum olduğu kimi, müxtəlif sahələr üzrə kredit verilməsində tətbiq oluna yeni sərt qaydalar bankların gəlirlərinə təsirsiz ötüşmür və indiki halda bu gəlirlərin həcmini azaldır. Maraqlıdır ki, bu şəraitdə bankların hamısı ilin sonunadək nizamnamə kapitalını 50 milyon manata çatdırmalıdır.  

Yaranmış durumu şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Mövqe.az saytına verdiyi açıqlamada bir sıra bankların nəinki nizamnamə kapitalını lazımi həddə çatdıra biləcəyini, eyni zamanda artıq ilin sonuna kimi 7-8 bankın fəaliyyətinin dayandırılacağının gözlənildiyini bildirdi:  "Ötən iki il müddətində bankların heç də hamısı  bunu həyata keçirə bilmədilər. Bir neçə bank nizamnamə kapitalını nəinki 50 milyona çatdıra, heç 20 milyona qaldıra bilmədi. Bu və digər səbəblərlə bağlı Mərkəzi Bank verdiyi müddəti 1 il də artırdı. Bu, əslində, 2014-cü ilin yanvarın 1-dən tətbiq olunmalı prosedur idi. Mərkəzi Bank vaxtı 2015-ci ilin yanvarın 1-ə kimi uzatdı. Hal-hazırda bankların kreditləşdirmə siyasətinin sərtləşdirilməsi onların gəlirlərinin azalmasına səbəb olacaq. Bu, nəinki nizamnamə kapitalının artırılmasına, hətta bir çox bankların artıq zərərlə işləməsinə və son nəticədə təxminən 7-8 bankın öz fəaliyyətini dayandırmasına gətirib çıxara bilər. Təbii ki, həm hazırkı vəziyyət, həm də bankların nizamnamə kapitalının artırılması ümumiyyətlə, kredit portfelinin genişləndirilməsinə mənfi təsir edəcək. Nəticədə bu il bank sektorundan dövlətə gələcək vergilər, bankların gəlirliyi azalacaq".

İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı isə Mərkəzi Bankın nizamnamə kapitalının miqdarını artırarkən kreditləşmə ilə bağlı indiki problemlərin olmadığından mövcud vəziyyətdə bir sıra bankların çətinliklərlə üzləşə biləcəyini dedi: "Söhbət ondan gedir ki, əslində, bankların nizamnamə kapitalının 50 milyon olması Mərkəzi Bankın banklarla bağlı siyasətinin tərkib hissəsidir. Mərkəzi Bank kommersiya bankları üçün kredit verilməsi sahəsində belə bir məhdudiyyət müəyyənləşdirəndə, bank sektorunda qaytarılmayan borcların, problemli kreditlərin həddi bu qədər çox deyildi. Ona görə də, indiki halda bankların kapitallaşma səviyyəsi məhdudlaşdı. Yəni, banklar bundan sonra daha az pul satacaqlar və satdıqları pulun müqabilində daha az gəlir əldə edəcəklər. Çünki, əslində, banklar belə məhdudiyyətlər olmayanda gəlir əldə edirdilər. Bu zaman onlar əməliyyatlardan gəlir əldə edir, eyni zamanda əlavə vəsait, depozit olaraq cəlb edirdi. Bundan başqa, satdığı kreditlər müqabilində əlavə gəlir əldə edirdilər ki, bu da onların ümumilikdə kapitallaşma səviyyəsinin artmasına gətirib çıxarırdı".

Ekspert ilin sonuna kimi ölkədə mövcud banklardan yalnız 20-25-nin qalacağını proqnozlaşdırır: "Amma, ümumən indiki halda həyata keçirilən siyasət yəqin ki, yaxın dövrü əhatə edəcək. İstər avtomobillərlə bağlı, istərsə də arayışsız kreditlərin verilməsiylə bağlı olan bu məhdudiyyətlər sərt tədbirlər olsa da, bir müddət sonra aradan qalxa və yaxud da ki, şərtlər əvvəlkinə nisbətən yumşaldıla bilər. Ona görə də, hər bir halda nizamnamə kapitalının bu həddə artırılması əslində, Mərkəzi Bankın öz siyasəti ilə bağlı idi ki, bankların sayı azalsın. Əslində, bu cür islahatların həyata keçirilməsi bank sektorunda daha çox rəqabətə davamlı bankların bazarda qalması məqsədinə xidmət edirdi. Amma mən proqnozlaşdırıram ki, bir müddətdən sonra Azərbaycan bank sektorunda təxminən kapitallaşma iqtisadiyyatının artması, uçot dərəcələrinə təsiri, ümumiyyətlə Mərkəzi Bankın müxtəlif humanitar siyasət alətləri vasitəsilə tənzimlədiyi təxminən 15-20 bank Azərbaycan bank sektoruna girəcək. Bu o deməkdir ki, əslində, növbəti 1-2 il ərzində Azərbaycan bank sektorunda mövcud bankalrdan təxminən 20-25 bankın qaldığını görəcəyik".