Bolqarıstanın Baş Naziri BSU-da

20 Fevral 2014 18:10 (UTC+04:00)

20 fevral 2014-cü ildə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş Naziri cənab Plamen Oreşarski və onu müşayiət edən rəsmi nümayəndə heyətinin üzvləri, Bolqarıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Mayya Xristova, Azərbaycanın Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Emil Kərimov Bakı Slavyan Universitetində qonaq oldular. Movqe.az xəbər verir ki, qonaqları salamlayan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayev cənab Plamen Oreşarskini və qonaqları universitetdə görməyinə şad olduğunu bildirdi. Rektor BSU haqqında qonaqlara geniş məlumat verdi və hal-hazırda universitetdə 32 tələbənin "Bolqar dili", "Bolqarşünaslıq" ixtisasları üzrə təhsil aldıqlarını nəzərə çatdırdı. O, BSU-nun Bolqarıstanın ali məktəbləri, xüsusilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti ilə sıx əməkdaşlıq əlaqələri olduğunu və bu müqavilələrə əsasən BSU-nun tələbələrinin Sofiya Universitetində pedaqoji təcrübə keçdiklərini söylədi. Rektor artıq Sofiya Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin də açıldığını və 10 bolqar tələbəsinin Azərbaycan dili üzrə təhsil aldıqlarını xüsusilə vurğuladı. O, BSU-nun bolqarşünas tələbələrinin Bolqarıstanın dövlət təşkilatlarında istehsalat təcrübəsi keçmələrini təklif etdi. Baş Nazir BSU-da qonaq olmağın onun üçün sevindirici hal olduğunu nəzərə çatdırdı. O, rektorun təklifini müsbət qarşıladı. Daha sonra qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar dili və Mədəniyyəti Mərkəzi ilə tanış oldular. Cənab Baş Nazir bolqarşünas tələbələrə Bolqarıstanın müxtəlif dövlət təşkilatlarında istehsalat təcrübəsi keçəcəklərini bildirdi. Baş Nazir Mərkəzə bolqar dilində bədii və elmi ədəbiyyat kitabları hədiyyə etdi və bolqarşünas tələbələr Elisaveta Baqryananın "Потомка" şeiri və "Българи" mahnısı ifa etdilər. Sonda qonaq BSU-nun "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazdı və tələbələrlə xatirə şəkilləri çəkdirdi.