Yol polisindən sürücülərə xəbərdarlıq

21 Fevral 2014 11:26 (UTC+04:00)
"Son günlər Azərbaycanda sürücülərə yazılan balın ləğvi ilə bağlı məlumat yayılıb. Əslində isə hələ ki, bal sistemi ləğv olunmayıb. Sadəc bu barədə müzakirələr gedir. Bu səbəbdən də, vətəndaşlar yalnış fikirlər yayılıb". Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib. Yol polisinin sözlərinə görə, mövcud qanunvericiliyə görə, hələ də onların balı toplanır: "1 İl ərzində 12 və daha artıq bal toplayanların sürücülük hüququ məhdudlaşdırılacaq. Sürücülər daha da diqqətli olmalı və qanunun tələblərinə daha ciddi əməl etməlidirlər".
K.Əliyev həttə bal sisteminin ləğv edildiyi təqdirdə belə, sürücülərin diqqətli olmalarını deyir: "Hətta bal sistemi ləğv olunsa da, sürücülər məsuliyyətdən azad olmur. Sürücü eyni qayda pozuntusunu 3 dəfə təkrarlayarsa, o, avtomatik olaraq sürücülük vəsiqəsindən məhrum edilə bilər. Kobud qayda pozuntusu sürücüləri məsuliyyətdən heç vaxt azad etmir".
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunan təkliflər zərfində Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi nəzərdə tutulur. Təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlıdır. Təkliflərdə hətta qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini daşıyır. İrəli sürülən təkliflərdən biri də budur ki, əvvəllər avtomobil sahibinə və ya sürücüyə sənəd formasında protokol, fotogörüntü göndərilirdisə, artıq elektron protokolla yanaşı, kağız daşıyıcıda inzibati xəta üzrə qərar da vətəndaşa göndəriləcək və qərarın qanuni qüvvəyə minməsindən sonra 10 gün müddətində vətəndaşa imkan veriləcək ki, o, vəsatət qaldıra bilsin.