"Masallı folkloru" keçmişi bizə qaytarır...

27 Fevral 2014 11:00 (UTC+04:00)

Bu yaxınlarda  "Masallı folkloru" adlı kitab çapdan çıxıb. Yeni kitab adından göründüyü kimi təkcə masallılar üçün yox, bütün təbəqədən olan insanlar üçün maraqlıdır. "Masallı folkloru"nun müəllifi  "Milli pedaqogika məktəbi" jurnalının baş redaktoru, 

Pedaqoji elmləri doktoru, professor,

Azərbaycan Respubilkasının qabaqcıl Maarif Xadimi, BeynəlxalqTürk Akademiyasının həqiqi üzvü    Fərahim Sadıqovdur.

Dəyərli oxucularımıza maraqlı olsun deyə bildirim ki, Fərahim Balakişi oğlu Sadıqov  1947-ci ildə  anadan olub.

1958-ci ildə Masallı rayonundakı Dadva kənd ibtidai məktəbini bitirdikdən sonra təhsilini 1 saylı Masallı şəhər məktəbində davam etdirib. 

Masallı şəhər 2 saylı məktəbində orta təhsilin başa vurub. 

Orta məktəbdə oxuyarkən musiqi dərnəyində çalışması, müxtəlif tədbirlərdə yaxından iştirak etməsi əvəzedilməz məktəb illərindən xatirədir. 

ADPİ-nin filologiya fakültəsinə daxil olan F.Sadıqov təhsil aldığı illərdə çalışqan, istedadlı tələbə kimi 1967-ci ildə Ukraniyanın Berdyaniski şəhərində keçirilən VII Ümumittifaq tələbə festivalının lauratı olub. 

1969-cu ildə institutunu bitirərək təyinatla rayonumuzun Sərçuvar kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi kimi göndərilib. 

Müəllimi işləməklə yanaşı rayonda kecirilən elmi və bədii, kütləvi tədbirlərində iştirak edib. 

Elmə olan arzusu onu yenidən Bakıya qaytarıb.

1975-ci ilin aprel ayında AETPEİ-yə kiçik elmi işçi vəzifəsinə götürülüb. 

Sonralar burada baş elmi kimi çalışıb. 

İnstitutla əməkdaşlıq edə-edə (1992-ci ilə qədər) ADDİ-də müəllim işləyib. 

1984-cü ildə professor Əliheydər Həşimovun elmi rəhbərliyi altında Gürcüstan Elmi-Tədqiqat Pedoqoji Elmləri İnstitutunda namizədlik dissertasiyası, 1992-ci ildə Bakı şəhərində doktorluq dissertasiyası müdafiə edib. 

Pedaqoji elmləri doktoru, professordur.

İndiyədək 6 nəfər pedoqoji elmlər namizədi yetişdirib. 

Hazırda aspirant-dissertantların elmi rəhbəri,  doktorantların elmi məsləhətçisidir. 

1993-cü ildə Naxcıvan Özəl Universitetini təsis edib. 

Azərbaycan Televizasiyasında  "Örnək" verlişini aparmışdır. 

F.Sadıqovun faydalı ictimai fəaliyyəti "Qabaqcıl Maarif Xadimi", "Akademik Yusif Məmmədəliyev mükafatı laureatı", "Müşfiq mükafatı" adlı tərtiflərlə dəyərləndirilib. 

Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü seçilib. F.Sadıqovun "Azərbaycan Xalq Pedaqogikası antologiyası", "Müqasiyəli Pedaqojika", Pedaqoji düşüncələr", "Bədii yaradıcılıq dərnəkləri", "Nəğməli-sözlü Bəhram", birgə müəllifli kitablardan "Azərbaycanda məktəb və pedaqoji fikrin tarixi", "Pedaqogika", "Azərbaycan Xalq Pedaqogikası", "Xüsusi məktəblər üçün Ana dili" və adlarını sadalamaq imkanımızın məhdud olduğu irili-xırdalı 50 - dən coх kitabı işıq üzü görüb. 

Hazırda o, ali məktəb tələbələri üçün nəzərdə tutulmuş "Didaktika" adlı dərslik vəsaitinin üzərində işləyir. 

Bu dərslik vəsaiti demək olar ki, respubilkada ilk dəfədir ki, F.Sadıqov tərəfindən hazırlanır.

F.Sadıqovun 500-dən çox elmi məqaləsi respubilka mətbuatında, eləcə də Alimaniyada, Moskvada, Türkiyədə, Orta Asiya respubilkalarında, Gürcüstanda və başqa ölkələrdə çıxan qəzet və jurnallarda nəşr olunub. 

Fərahim Sadıqov  "Milli pedaqogika məktəbi" jurnalının baş redaktoru,  Azərbaycanda çıxan 30-dan artıq qəzet və jurnalın redaksiya heyətinin üzvüdür. 

Professorun bədii yaradıcılıq haqqında da məlumat vermək yerinə düşərdi. 

İfaçı, bəstəçi kimi bir sıra rəqslərin, təsniflərin müəllifi kimi tanınan F.Sadıqovun ifasında 4 musiqi nömrəsi Azərbaycan radiosunun qızıl fondunda saxlanılır. 

Zəhmətkeş alim, həmyerlimiz  F.Sadıqov bir-birindən gözəl, maraqlı hekayələri, yumoristik novelları, pyesləri və şeirləri vardır.


Mətləbdən çox uzaq düşməyək.

"Masallı folkloru"nun ilk  səhifələrində (3-8)   Azərbaycanın şöhrətli yaziçisi  Nurəddin Ədiloğlu yazır ki, 20 illik zaman kəsiyində  mədəniyyət tariximiz də tərəqqi dövrü keçib.Bu mənada  "Milli pedaqogika məktəbi" jurnalının baş redaktoru, 

Pedaqoji elmləri doktoru, professor,

Azərbaycan Respubilkasının qabaqcıl Maarif Xadimi, BeynəlxalqTürk Akademiyasının həqiqi üzvü    Fərahim Sadıqovun "Masallı folkloru" (1-ci kitab) bu mənada, bir maraqlı tədqiqat əsəri kimi nəzər - diqqəti özünə cəlb edir.                                                                                       



   Yeni kitabda "  Masallının folklor ənənələri və Novruz bayramı"  (70 - 82-ci sənifələr) bölümündə Masallı şəhər 1 saylı orta məktəbin direktor müavini Nazilə Kərimovanın dedikləri dəyərli təkliflər də yer alıb.

Nazilə müəllımə söyləyir ki, nədənsə folklorşünaslarımızın böyük əksəriyyəti həm muğamlarımızı,                                                                                                        həm də rəqslərimizi folklor nümunəsi kimi ya tədqiq etməyi unudurlar, ya da çox az tədqiq edirlər. Bu, çox təhlükəli tendensiyadır. axı hər iki folklor nümunəsi çox qədim tarixi köklərə malikdir. Maraqlı burasıdır ki, folklorşünaslarımız rəqslərimdən danışarkən daha çox kütləvi rəqsıərin yanlız mahiyyətindən söhbət açırlar. bəs fərdi rəqslərimiz? Onları təlim-tərbiyə müəssisələrimizə məhz folklor nümunəsi kimi gətirmək lazımdır. Rəqslərimizin tarixi kökləri, estetik, əxlaqi, fiziki, mənəvi tərbiyə baxımında əhəmiyyəti haqqında məktəblilərimizə mütamadi olaraq məlumat verilməlidir.


Masallı şəhər 1 saylı orta məktəbin direktor müavini Nazilə Kərimova daha sonra deyib: 



"Təbrizi", "Miyanə", "Qars" kimi qədim rəqslərimiz vaxtilə xalqımıza mənsub olan Təbriz, Miyani və Qars kimi ən qədim şəhərlərimizin adı ilə bağlıdır. "Qızılgül", "Lalə". "Alça gülü", "Heyvagülü", "Bənövşə", "Yasəməni", "Səməni kimi rəqslərimizin adları isə çiçəklərimizin adlarını daşıyır. Qəhrəmanlıq, igidlik, mübarizlik. vətənsevərlik, qələbə əzmi və digər əxlaqi-mənəvi kefiyyətləri özündə təcəssüm etdirən rəqs adları da var Bütün bunların bayram tədbirlərində yetişən nəslin nümayəndələri ilə tanış edilməsi onların estetik-bədii zövqlərini formalaşdırmaqla yanaşı elmi dünyagörüşlərini formalaşdırır, onlarda vətənpərvərlik, yurdsevərlik hisslərinin yaranmasına səbəb olur".

 

 

 Kitabda Masallı şəhər 3 saylı orta məktəbin direktoru Fəxrəddin Talıbzadənin dedikləri də yer alıb:



- Vaxtilə bütün rayonlarda olduğu kimi, Masallıda da hər bir adamın öz rəqsi vardı. Həmin adamlar toy məclislərində öz rəqslərini sifariş edərdi və heç kəs rəqs meydanında onlara maneçilik törətməzdi. Təəssüf ki, indi məclislərimizdə rəqslər folklor nümunəsi statusunu itirmək üzrədir. Hazırkı toylarımızda müğənnilərin oxuduqları mahnını (əksər hallarda popri, yəni mahnılar silsiləsi oxuyurlar) bütün məclis rəqs edir.

Bənzərsiz bəstəkarımız, Azərbaycan folkloru əsasında böyük operalar, operattalar yaradan Üzeyirbəyin "O olmasın. bu olsun" musiqili komediyasında rüstəm Məşədi İbada "Xoşgəldin" verməsi ilə bağlı olan nəğmə qədim rəqsimiz "Darçını" ("Məşhədi İbad sən bizə xoş gəlib, bizi şad elədin" məhşur misraları əsasında) rəqsi üzərində, Məşədi İbadın mahnısı ("Mən nə qədər qoca olsam da dəyərəm min cavana" məhşur misralar əsasında) "Uzun dərə" rəqsi üzərində qurulduğu üçün xalqın ruhunu oxşayır. Bax folklorumuza, xüsusilə rəqs mədəniyyətimizə belə yanaşmalıyıq. Biz istərdik ki, "Uzundərə" rəqsi kimi "Darçını" da şənliklərimizdə rəqs kimi səslənsin və yaşasın.

Toy ənənələrimizə görə məclislərdə həmişə mahnıya, muğama. təsnifə qulaq asmışlar, rəqsləri isə oynamışlar. Ona görə milli rəqslərimizə "Oyun havaları" da deyirlər. Təəssüflər olsun ki, rəqslərimizə bugünkü münasibət heç də yaxşı deyil. Əgər qonşu Gürcüstanda milli rəqslər tədris planına salınırsa, Gürcüstan məktəblilərinin təlim-tərbiyə prosesində milli rəqslərin öyrədilməsi yer alırsa, bizdə niyə olmasın?

 

 

Masallı "bilicisi", encklapedik biliyə malik olan görkəmli ziyalı, ictimai-siyasi xadim Ələşrəf Niftliyev də kitabda söz almışdır.


Hərmətli Ələşrəf məllım kitabda qeyd etmişdir:


- Milli rəqslərimiz milli mədəniyyətimizin çox mühüm tərkib hissələrindən biridir. Milli rəqslərimiz həm də Azərbaycan xalqının tarixi salnaməsinin müəyyən parçasını özündə səciyyələndirən mədəniyyət nümunələridir. Təkcə Qobustan qayalarında rəqs işarələri. kütləvi rəqslərimizlə bağlı daş abidələr, o cümlədən "Qavaldaş" abidəsi rəqs mədəniyyətimizin, ritm alətlərimizin ən dəyərli rəmzlərindəndir desək, səhv etmərik. Belə rəmzi nümunələrin rəqs mədəniyyətimizin yaranmasında əvəzsiz rola malik olması da şəksizdir. Milli rəqslərimizin ifaçıları onların daşıyıcıları hesab olunmuşdur. masallıda, qədim Dəştivənddə də ifaçılar çox olmuşdur. Təəssüflər olsun ki, onların haqqında yazılmadığı üçün həm onların özləri, həm də onların ifa etdikləri folklor nümunələri hesab etdiyimiz rəqs nümunələri unudulmuş, yaddaşlardan silinmişdir..

Ustad Şahnəzərdən bir nümunə qalmaması təəssüf doğurur. Yaxud vaxtilə Masallıda tarçı adı ilə məşhur olan İbrahim barədə heç bir yazılı məlumatın olmaması xoşa gələn hal deyil. Yaxşı yadımdadır. Masallı bazarının görkəmli yerində tarçı İbrahim dəllək dükanı vardı. Atam deyərdi ki, müharibə illərinəqədər Masallıda ən məşhur sənətkar dəllək İbrahim idi. O həm də yaxşı tar və qaval çalırdı. Ərdəbilli Mirzəbaba Bəhrəmova qədər Masallının məşhur sənətkarlarından biri də dəllək İbrahim idi. Dəllək İbrahim günortaya qədər bərbərlik edir, günortadan sonra öz dəfçiləri Əbdül, Kor İbad, Sona xanım, Kubra xanım kimi sənətkarlarla toy məclisləri aparırdı. Onun sonuncu dəfçilərindən biri səmidxanlı məşhur xanəndə Əzizullanın oğlu Ağacavad idi...


  "Milli pedaqogika məktəbi" jurnalının baş redaktoru, Pedaqoji elmləri doktoru, professor,Azərbaycan Respubilkasının qabaqcıl Maarif Xadimi, BeynəlxalqTürk Akademiyasının həqiqi üzvü    Fərahim Sadıqov "Masallı folkloru"nda  (1-ci kitab) belə bir həqiqəti qeyd etmişdir ki,  Masallı folklorunun bir sıra nümunələri, o cümlədən millı rəqslərimiz toplanılmadığı, yazıya köçürülmədiyi üçün onların bir qismi unudulmuş, bir qismi isə unudulmaq üzrəıdir.Ona görə də müxtəlif yollarla həmin folklor nümunələrinin əbədiləşdirilməsinə nail olmaq lazımdır...

  Əzız oxucular,  "Masallı folkloru" kitabından (səhifə 129 - 139.Müəllifi Prezident təqaüdçüsü Nurəddin Ədiloğludur)        " ALAGÖZ ƏHVALATI"  və  " QİBLƏYƏ DÜZ DAYAN!" adlı iki olmuş hadisəni təqdim edirik.




   1." ALAGÖZ ƏHVALATI"

   Nəqli edirlər ki, mollaobalı Sahib Mahmudov kənd toyunda "Segah" oxuyurmuş. Qarşı tərəfdən- toyxana çadırının deşyindən bir göz kiprik çalmadan heyranlıqla xanəndəyə tamaşa edirmiş. Bu baxışdan kişinin təbi çuşə gəlir, peşəsi sürücü olsa da, bildiyi qəzəlləri, xalq mahnılarını bu toyda daha məharətlə ifa edir. Ən çox da dostu Əlimərdanın qəzəllərini oxuyur.

"Alagöz", "Şəhla göz", "Şahanə gözlər" ifadələri ilə zəngin nə qədər gözəlləmə var, yağdırır qaynar nöqtəyə - çadırın deşiyindən boylanan baxışların "sahibəsinə". Oxuya-oxuya fikir verir ki, zalımın qızı hər kimdirsə, heç yerindən də qımıldamır.Qərəz, xanəndəyə "alagöz gözəli" görmək marağı güc gəlir."Gözlərinə quzu kəsim, ay ala göz!"- deyib təsnifə xitam verir. Sonra çalğıçılara: -Əyə, siz bir oyun havası çalın, mən də çıxım, bir havamı dəyişim. O vaxtlar kişi məclislərini qadınlar, qızlar toy çadrının arxasından seyr edərdilər. Sahib özünü verir, "Alagöz" səmtə. Görür ki, həmin yer tövlədi, axura bağlanmış bir buzov dartına-dartına başını söykəyib  çadıra, gözünü həmin deşikdən zilləyib içəri...  Gördüyü mənzərəyə özü qəşş eləyir. Rəhmətlik xanəndənin "Alagöz əhvalatı" belə sona çatır.

 

 

 

                                 2.    QİBLƏYƏ DÜZ DAYAN!  

    Bu əhvalatı mənə Xırmandalı kəndinin qocaman sakini Qulam Əhmədov danışıb. Deyir: Günlərin bir günü Əlövsət Baxışov maşınla Masallıdan üzü Lənkərana istiqamətinə gedirmiş. Birdən görür ki, atını buğda zəmisində otaran bir qoca yol qırağında namaz qılır. Raykomun birinci katibi maşını saxlatdırıb kişiyə yaxınlaşır.Təmkinini pozmadan namazın başa çatmağını gözləyir.Namazını qurtaran kimi üzünü qocaya tutub deyir:

-         Ay dayı. Sən qibləyə düzgün dayanmayıbsan.

      Qoca deyir:

-         Bala, 40 ildir namaz qılıram, həmişə də qibləyə belə dayanmışam.

Raykom katibi gülümsünüb:

-         Dayi, sən qibləni bu gün səhv salmısan,-deyir və kişiyə zəmidə otlayan atı göstərir. Bax bizim qəlbimiz kimi, həm də o atın ayaqları altında taptalanan çörək də müqəddəssdir.

Qoca üzürxahlıq eləyir. Baxışov ona birinci kitab olduğunu bildirmədən xüdahafizləşib yoluna davam edir.

 

 

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, 

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV bildirib ki, kitab bu yaxınlarda paytaxtın "Gənclik" nəşiriyyatında səhifələnib çapa hazırlanmışdır.

 "Masallı folkloru" adı ilə çap olunan kitabın sayı beş yüz ədəddir.Yeni k itab Masallı Rayon İcra Hakimiyyətinin  tövsiyəsi və Bakı Elm Təhsil Mərkəzinin elmi şurasının qərarı ilə çap edilmişdir..


"Masallı folkloru"nun e lmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, redaktoru  Nurəddin Ədiloğludyr.Onların hər ikisi əslən Xırmandalı kəndindəndirlər.

Rəyçiləri folklorşünas, filologiya elmləri doktoru,  professor Məhərrəm Qasımlı,  folklorşünas, filologiya elmləri doktoru, 

professor Seyfəddin Qəniyev və folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Tariyel Qənidir.


Qeyd edək ki, birinci  dəfə olaraq "Masallı folkloru" adı ilə çap olunan kitaba rayonun mövcud olduğu gündən bu günə qədər yaddaşlarda qalan bədii yaradıcılıq nümunələrin bir qismi toplanmışdır. 


Əsasən, elmi, pedaqoji və publisistik üslubda yazılan bu kitab masallılarla yanaşı, məktəblilər, tələbələr, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Səkildə: sağdan birinci pedaqoji elmləri doktoru, professor

Fərahim Balakişi oğlu Sadıqov.


ƏLİHÜSEYN ŞÜKÜROV