Azərbaycana xəyanət edən müxaliflər

23 Noyabr 2011 20:11 (UTC+04:00)

Bu günlərdə Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, bir-iki müxalifət partiyası və "liderlər"i xaric maliyyələşdirir: "Xaricdən maliyyələşən bir-iki mətbu orqan var ki, dünyada Azərbaycanla bağlı nə pis şey varsa, onu çəkib ölkəyə gətirir.

Bu insanlar Azərbaycan dövlətinin uğurlarından əriyir. Millətə pis olanda onlara yaxşıdır. Müxalifət xarici qüvvələrə deyir ki, bizi hakimiyyətə gətirin Dağlıq Qarabağ problemini istədiyiniz şəkildə həll edək". Söz yox ki, bu ampulada olanlar əsas etibarilə radikal müxalifət təmsilçiləridir. Onlar daim ölkəmizin əldə etdiyi uğurlara xor gözlə baxmışlar. Çünki Azərbaycan uğur əldə etdikcə, belə qüvvələrin cəmiyyətdə olan-qalan nüfuzu da yox olub gedir. Belə vəziyyət isə sözsüz ki, onları qane etmir. Həmin qüvvələr hakimiyyətə gəlmək üçün millətə xəyanət yolu tutmaq, Azərbaycanın milli maraqlarını satmaqdan belə çəkinmirlər. Maraqlıdır, cəmiyyət bu kimi qüvvələrə nə cür reaksiya verir və verəcək?

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, onsuz da son proseslər göstərir ki, cəmiyyət şəxsi maraqları milli maraqlardan üstün tutanları qəbul etmir: "Cəmiyyətin müxalifətin radikal kəsiminə reaksiyasını son illər ərzində praktik olaraq həmin siyasi qüvvələrin tamamilə iflasa uğramasından aydın görmək olar. Bu gün radikal siyasi xətti kiçik bir qrup istisna olmaqla heç kim müdafiə etmir. Prezident Administrasiyası şöbə müdirinin bu istiqamətdə verdiyi açıqlamaları da təbii ki, konkret faktlara və yaxın tariximizdə hər kəsin gözü qarşısında baş verən hadisələrə söykənir. Bu hadisələrin motivində hansı məqam və maraqların dayandığını siyasi prosesləri diqqətlə izləyən insanlar yaxşı bilir. Ortalıqda olan qənaət tamamilə gerçəkliyi əks etdirir. Hazırkı zamana qədər bir qrup şəxsin müxalifət adına iddia edərək Azərbaycanın maraqlarına qarşı hər zaman kəskin mövqedən çıxış etməsi, bir çox hallarda xarici dövlətlərin vəkili olmaları kimsəyə sirr deyil. Son hadisələrə diqqət yetirsək, həmin qrupa daxil olan və onların nəzarətində olan mətbuat orqanlarının Azərbaycanın tale yüklü məsələlərilə bağlı hansı mövqedə dayandığını görərik. Azərbaycan "Eurovision" müsabiqəsində qalib gəldikdən və Bakının gələn il baş tutacaq növbəti müsabiqəyə ev sahibliyinə yiyələnməsindən sonra həmin qüvvələrin reaksiyalarına yəqin ki, hər kəs diqqət yetirib. Bu reaksiyanın əsasında ölkəmizin bu uğurunun gözdən salınması dayanırdı ki, bunu da yalnız düşmən mövqedə dayanan qüvvələr arzu edə bilər. Söhbət burada konkret hakimiyyətə qarşı müxalifətçilikdən getmir. Radikal qrup təəssüflər olsun ki, Azərbaycan dövlətinə qarşı müxalifətçilik edir. Onların siyasi rəqabət anlayışları sivil, konstitusion siyasi münasibətlərlə qətiyyən üst-üstə düşmür. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə bizə dost ölkələr belə buna sevindi. Bu məqamda həmin radikal qüvvələr isə tamamilə əks-mövqedən çıxış edərək ölkəmiz barədə məqsədyönlü şəkildə xarici mətbuatda yazılanları şişirtməyə çalışdılar. Belədə Azərbaycanın uğuru üzərinə kölgə salmağa cəhd etdilər. Bu kimi faktlar istənilən qədərdir. Həmin insanların fəaliyyətində dövlət və milli maraqlar prinsipial əhəmiyyət kəsb etmir. Özlərinin və himayələrinə sığındığı xarici qüvvələrin siyasi maraqları əhəmiyyət kəsb edir. Bunun da cavabı Azərbaycan vətəndaşları tərəfindən hər zaman birmənalı şəkildə verilib və veriləcək".

Həsən İSLAMOV