Rusiya Ukraynanın işğalına başladı

7 Mart 2014 07:39 (UTC+04:00)

Ukraynada cərəyan edən hadisələr Rusiyanın artıq bu ölkəni işğal etməyə başladığını göstərir. Krıma yeridilmiş Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstələri bir-birinin ardınca strateji əhəmiyyətli obyektlərə nəzarəti ələ keçirir.

Sevastapol aeroportunun tutulmasının ardınca xüsusi təyinatlılar Krım yarımadasının hava məkanına nəzarət edən "Krımaerorux" Dövlət Müəssisəsini də tutublar. Silahlanmış və üzləri maskalı, ancaq hərbi geyimlərinin üzərlərində tanınma nişanları olmayan rus xüsusi təyinatlıları müəssisənin giriş-çıxışını bağlayıb. Bununla da yarımadanın üzərində aviasiya naviqasiyasını tənzimləyən müəssisə rusların nəzarətinə keçib. Ukrayanın sahil mühafizəçiləri də Rusiya Hərbi Dəniz Donanması tərəfindən mühasirəyə alınıb.

Daxili işlər naziri Arsen Avakov "facebook" səhifəsində bu hadisəni "hərbi müdaxilə" adlandırıb. Rusiya dövlət mediası isə Rusiyanın hərbi müdaxiləsini rədd edən bəyanat yayıb. Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov fövqənadə iclas çağıraraq təhlükəsizlik rəhbərləri ilə vəziyyəti müzakirə edib. Ukrayna parlamenti də Rusiyanı onun ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Lakin Moskva tamam başqa istiqamətdə fəaliyyət göstərir və açıq bəyan etmədən Ukrayna ərazilərini ələ keçirməkdədir. Xatıraladaq ki, ölkənin Qərb hərbi dairəsinin 150 min hərbçisinə, 90 döyüş təyyarəsinə, 80 hərbi gəmiyə, 120 vertolyota və 1000-dən çox tanka "1 nömrəli" döyüş hazırlığı əmri verilib. Həyəcan siqnalı ilə qoşunlar "verilmiş nöqtələrə" doğru hərəkət edir. Qoşunların vəzifəsinin nədən ibarət olduğunu komandirlər ancaq məxfi məktubu açandan sonra biləcəklər. Bu döyüş hazırlığının Ukrayna ilə bağlı olduğu ehtimal edilir. Artıq Ukraynanın Simferopol şəhərinə 8 Rusiya helikopteri eniş enib. Krım tatarları Məclisinin lideri Refat Çubarov Rusiya helikopterlərinin Simferopola enməsini təsdiqləyib.

Bu arada Rusiya Dövlət Duması ölkəyə yeni ərazilərin birləşdirilməsi prosedurlarının sadələşdirilməsinə dair qanun layihəsini tələsik müzakirəyə çıxarmağa və qəbul etməyə hazırlaşır. Qanun layihəsi minlərlə ukraynalıya qısa müddət ərzində Rusiya pasportlarının verilməsinin yolunu açacaq və çox güman ki, Krımın Rusiyaya birləşdirilməsi üçün hüquqi bazanın hazırlanması məqsədini güdür.

Bu arada o da məlum olub ki, Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurası Krımdakı vəziyyətin yoluna qoyulması üçün plan hazırlayıb. Qurumun katibi Andrey Parubiy məsələ ilə bağlı bildirib: "Biz separatçı ssenariyə yol verməmək üçün fəaliyyət planı hazırlamışıq".

A. Parubiy plan haqda danışmayıb, çünki bu, həmin planın həyata keçirilməsini çətinləşdirə bilər. O, problemin həlli üçün beynəlxalq tərəfdaşların cəlb olunması ilə bağlı da plan olduğunu qeyd edib. A. Parubiyin sözlərinə görə, müəyyən olunub ki, kiçik qruplar istisna olmaqla, Krımdakı münaqişədə krımlılar iştirak etmir və hadisələrin əsas iştirakçıları Rusiyanın Qara dəniz donanmasının geyimlərini dəyişmiş əsgərləri və Rusiya xüsusi təyiantlılılarıdır: "Rusiya Federasiyası və onun ordusu tərəfindən aktiv fəaliyyət başlasa və birbaşa işğal halında sözsüz ki, Ukrayna ordusu və Ukrayna sərhədçiləri tərəfindən ən adekvat addımlar atılacaq".

Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Krımda fövqəladə vəziyyət elan olunması variantının da nəzərdən keçirildiyini, lakin bunun yerinə daha effektiv vasitələrə üstünlük verdiklərini açıqlayıb. A. Parubiy Krımdakı ssenarinin hüquq-mühafizə orqanları tərəfindən lokallaşdırıldığını nəzərə çatdırıb: "Məlumat var ki, xarici xüsusi xidmət orqanları tərəfindən Krımda cızılan ssenari Ukraynanın başqa vilayətlərində inkişaf etdirilməli idi. Ukraynanın bütün strateji obyektləri Ukrayna Silahlı Qüvvələrinin mühafizəsi altındadır. Artıq bütün lazımi tədbirlər görülüb".

A. Parubiy 2010-cu ildə Ukrayna ilə Rusiya arasında imzalanmış və Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində yerləşməsi və statusunu müəyyən edən Xarkov razılaşmasına yenidən baxılması məsələsini də müzakirə etdiklərini diqqətə çatdırıb. O, konkret qərarlar qəbul olunduqdan sonra ictimaiyyətin bu haqda məlumatlandırılacağını söyləyib. Qeyd edək ki, Xarkov razılaşmasına əsasən, Rusiya donanmasının Ukrayna ərazisində qalma müddəti 25 il uzadılıb.