Zinət əşyaları bahalaşır

1 Mart 2014 07:41 (UTC+04:00)

Son dövrlər dünya bazarında qiymətli metalın bahalaşması müşahidə olunmaqdadır. Xüsusən də, qızılın qiyməti durmadan artır. Şübhəsiz ki, bu, Azərbaycana da təsirsiz ötüşməyəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov bildirdi ki, baş verən bahalaşma tendensiyası qiymətli metal sahəsi üzrə Azərbaycanda gəlirlərin çoxalması ilə nəticələnəcək: "Qiymətli metallar arasında əsas yeri bildiyiniz kimi, qızıl tutur. Təbii ki, qızılın qiymətində bahalaşma halları müşahidə olunursa, belə vəziyyət ondan hazırlanan məhsulun, xüsusən də daş-qaşın qiymətlərinin bahalaşmasında özünü göstərir. Bu hal isə əhalinin heç də maraqları çərçivəsində deyil. Amma bütövlükdə məsələyə ölkə miqyası üzrə baxdıqda bilirik ki, Azərbaycan artıq qızıl ixrac edən dövlət kimi tanınır. Dünya miqyasında metalın bahalaşması bu sahə üzrə ölkəmizdə də gəlirlərin artmasına gətirib çıxaracaq. Bu da onu göstərir ki, metalın qiymətinin qalxmasının müsbət tərəfləri də var. Məlum məsələdir ki, metal olaraq qızılın qiymətinin artma səbəbi dolların beynəlxalq bazarda dəyərinin azalmasından qaynaqlanır. Dollar xüsusən də avroya nisbətdə xeyli dəyər itirib. Bu halda etibarlı yatırım vasitəsi olaraq qızıla maraq artır. Dolayısı ilə qarşıdan gələn 6 ay ərzində qızılın qiymətində artımın davamlı olacağını proqnozlaşdırmaq da mümkündür. İnflyasiya baş verən zaman əsas yatırım olaraq qızıla marağın artması fonunda aydındır ki, qızılın qiymətinin qalxması da davamlı olaraq müşahidə olunacaq. Bu da daxili bazarda qızıldan hazırlanan malların qiymətində artımın olmasında özünü göstərə bilər. Dolayısı ilə bu artımın azı cari ilin sonuna qədər davamlı olacağı da istisna deyil. Azərbaycanın maliyyə bazarında pul kisəsinin həddən artıq çox olması ilə əlaqədar inflyasiyanın davamlı olacağını düşünsək, bankların özlərinin də ehtiyatların bir hissəsini qızıla yatırması halları müşahidə ediləcək".