Venesuelada hökumətə qarşı etiraz aksiyaları genişlənməkdədir

1 Mart 2014 11:19 (UTC+04:00)
Venesuelada hökumətə qarşı etiraz aksiyaları genişlənməkdədir. Ötən gün paytaxt Karakasda yüzlərlə müxalifət fəalı növbəti dəfə anti-hökumət şüarları ilə küçələrə axın ediblər. Aksiyada fəallar saxlanılan müxalifət tərəfdarlarının hökumət rəsmiləri tərəfindən işgəncəyə məruz qalması barədə açıqlama veriblər. Bu isə, müxalif cəbhədə gərginliyin daha da artmasına səbəb olub.

Axşam saatlarına qədər davam edən aksiyada polislə etirazçılar arasında qarşıdurmalar da yaşanıb. Məlumata görə, gərginlik zamanı bir nəfər polis əməkdaşı silahdan açılan atəş nəticəsində öldürülüb. Polis fəalları gözyaşardıcı qazlar və təzyiqli su şırnaqları ilə dağıtmağa çalışıb.

Etiraz aksiyalarına, eyni zamanda, Marakaibo şəhərindən də dəstək gəlib. Fəallar yerli əhalini hökumətə etiraz olaraq bu il ənənəvi karnavallarda iştirak etməyməyə çağırıblar.

Hökumətə qarşı etirazlar başlayandan indiyə kimi 18 nəfər ölüb, 261 nəfər xəsarət alıb. Fəalların sözlərinə görə, ölüm hallarına səbəb təhlükəsizlik qüvvələrin silahsız aksiyaçılara atəş açması olub.