Bakının mərkəzində evlərin sökülməsi torpağın qiymətini bahalaşdırıb

1 Mart 2014 14:03 (UTC+04:00)

Bakının mərkəzi hissəsində, "Sovetski" kimi tanınan ərazidə evlərin sökülməsi barədə qərar paytaxtda torpağın qiymətinin bahalaşmasına səbəb olub. Bunu  "MBA LTD" konsaltinq şirkətindən bildiriblər.

Şirkətdən deyiblər ki, 2013-cü ilin ikinci yarısında Bakıda müşahidə edilən torpağın qiymətinin ucuzlaşması tendensiyasına baxmayaraq, yanvarda torpağın qiyməti bahalaşıb: "Bunu qış mövsümünün tədricən başa çatması və tikinti sektoru üçün mövsümi ayların başlaması, həmçinin Bakıda köhnə qəsəbələrin sökülməsinin yeni dalğasının başlaması ilə əlaqələndirmək mümkündür".

Yanvar ayında paytaxtda bir sot torpağın orta hesabla qiyməti 2,35 faiz artaraq 17 240 dollardan 17 646 dollara çatıb.

Şirkətdən qeyd ediblər ki, torpağın ən çox bahalaşması mərkəzdən uzaq rayonlarda müşahidə olunub: "Hazırda Bakının torpaq bazarında ən fəal rayonlar Nəsimi, Yasamal, Nərimanov, ən passivləri isə Sabunçu və Qaradağdır. Ay ərzində ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (1 sota görə 350 min dollar), ən ucuzu isə Masazır qəsəbəsində (1 sota görə 383 dollar) təklif edilib".