Putin Ukraynaya qoşun yeridir
1 Mart 2014 22:16 (UTC+04:00)
Hazırda Rusiya ordusunun hərbi kolonnası Ukraynanın Zaporojye
vilayəti ilə irəliləyir. ANS PRESS-in məlumatına görə, bu barədə
yerli mətbuat öz mənbələrinə istinadən yazır. Mənbə həmçinin
bildirir ki, Rusiya hərbçilərinin kolonnası Çonqar yarımadasından
keçərək Zaporojye vilayətinə daxil olub. Mənbə əlavə edib ki,
Kiyevdəki siyasi rəhbərlik bu faktdan xəbərdardır, amma heç bir
tədbir görmür.Vladimir Putin ictimai-siyasi vəziyyəti sabitləşənə
kimi Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrindən istifadəyə
icazə vermək üçün Federasiya Şurasına müraciət edib. APA TV-nin
UNİAN-a istinadən yaydığı məlumata görə, müraciətdə bildirilir ki,
Ukraynada son dərəcə ağır vəziyyət yaranıb: "Bu vəziyyət Ukraynada
yaşayan soydaşlarımız, həmçinin Krım Muxtar Respublikasında
dislokasiya olunmuş Rusiya Silahlı Qüvvələrinin hərbi
kontingentinin şəxsi heyəti üçün təhlükə törədir. Bu səbəbdən
Federasiya Şurasından ictimai-siyasi vəziyyət normallaşana kimi
Ukraynada Silahlı Qüvvələrimizdən istifadəyə icazə vermək barədə
müraciət edirəm".
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiya Şurasının sədri
Valentina Matviyenko Krımda vəziyyəti stabilləşdirmək üçün
Ukraynaya hərbi kontingent yeridiləcəyini istisna etməmişdi.