Daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilir

2 Mart 2014 10:31 (UTC+04:00)

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 35 nəfəri hüquq istiqaməti üzrə, 124 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd verib. İşə qəbul iki istiqamət – hüquq və pedaqogika istiqamətləri üzrə aparılır. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Hüquq istiqaməti üzrə sənəd vermiş namizədlərə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.

İmtahan saat 10:00-da başlanır, 3 saat davam edir.