Ukrayna Ali Radası xaricdən kömək istədi

2 Mart 2014 17:45 (UTC+04:00)
Ukrayna Ali Radası ölkənin təhlükəsizliyinə qarant-dövlətlərə müraciət edərək, öz müşahidəçilərini Ukraynaya göndərməyi və ölkənin nüvə obyektlərinin qorunmasında yardım etməyi xahiş edib. Müvafiq müraciət bu gün Ali Radanın qapalı keçən fövqəladə iclasından sonra edilib. Ukraynalı deputatlar Rusiyanı rusdilli əhalinin mühafizəsi bəhanəsi ilə Ukraynanın ərazisinə qoşun yeritməkdə ittiham ediblər.

"Rusiyanın hərəkətləri beynəlxalq münasibətlərin bütün əsas prinsiplərini kobud şəkildə pozur və Avropa qitəsində təhlükəsizliyin əsaslarını sarsıdır", - Ali Radanın müraciətində belə deyilir.

Kiyevin Müstəqillik meydanında isə Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası keçirilir. "İnterfaks-Ukrain" agentliyinin məlumatına görə, aksiyaya dəstək vermək üçün 10 mindən çox adam Maydana toplaşıb. Aksiya Ukraynada yaşayan müxtəlif dini icmaların nümayəndələrinin çıxışları ilə başlayıb. Din xadimləri hər kəsi Ukraynanın birliyini və ərazi bütövlüyünü qorumağa, Rusiyanın Ukraynaya qarşı aqressiyasına qarşı çıxmağa çağırıblar.