Saxta pulların dövriyyəsi ilə məşğul olan mütəşəkkil qrup zərərsizləşdirilib

3 Mart 2014 13:30 (UTC+04:00)

Azərbaycanda saxta pulların dövriyyəsi ilə məşğul olan mütəşəkkil qrup zərərsizləşdirilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkəmizin iqtisadiyyatına və bank sektoruna yönəlmiş cinayətin qarşısını alıb. Həyata keçirilən  növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda "Paypoint" terminalları vasitəsi ilə dövriyyəyə saxta əsginaslar buraxan 6 nəfərdən ibarət qrupun üzvləri yaxalanıb. 

Polis əməkdaşları Binəqədi rayon sakini, 18 yaşlı Ehtiram Həsənzadəni şübhəli şəxs qismində saxlayıb. O, öz ifadəsində bildirib ki, saxta pulları bir qrup dostu ilə birgə hazırlayıb. Əməliyyatçılar Binəqədi rayon sakinləri, 21 yaşlı Kənan İbrahimov, 23 yaşlı Famil Babayev, 19 yaşlı Kazım Kazımlı, 18 yaşlı Abbas İbrahimov və Ağdaş rayonunda anadan olan 20 yaşlı Ələddin Səfərovu da müəyyən edərək istintaqa cəlb ediblər.  

Araşdırmalarla həmçinin müəyyən olunub ki, qrup üzvləri saxta manatları Kənan İbrahimova məxsus xüsusi kompüter avadanlıqları vasitəsilə hazırlayıblar. Əməliyyat zamanı saxta pulların hazırlanmasında istifadə olunan avadanlıqlar, eləcə də xeyli sayda saxta pul nümunələri və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Saxta manatlar hazırlandıqdan sonra dəfələrlə "MilliÖn" ödəniş sisteminin Binəqədi rayonu ərazisində yerləşən "Paypoint" terminallarında ayrı-ayrı vaxtlarda dövriyyəyə buraxılıb. Saxlanılan şəxslər daha sonra bildiriblər ki, onlar saxta pulları dövriyyəyə daxil etmək məqsədilə Ehtiram Həsənzadənin adına "Dəmirbank"da bank hesabı da açdırıblar. Saxta pulların bir hissəsi "Paypoint" vasitəsi ilə Ehtiram Həsənzadənin bank hesabına köçürülüb. Daha sonra isə hesabdan həqiqi əsginaslar çıxarılaraq mənimsənilib.

 

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.