9 ovçu 9000 manat cərimələndi
3 Mart 2014 14:07 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası
Qanununun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış
çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının
alınması məqsədilə ölkə ərazisində növbəti reydlər
keçirilib.
Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən
məlumata görə, ayrı-ayrı regionlarda qanunsuz ov edilməsi və
qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə bağlı
keçirilmiş reydlər zamanı 10 nəfər saxlanılaraq, onlardan
ümumilikdə 10 ov tüfəngi, 47 patron və qanunsuz ovlanılmış 10 quş
götürülüb. Faktlarla bağlı akt və
protokollar tərtib edilərək 9 nəfər qanun pozucusu İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada, ümumilikdə
9000 manat məbləğində cərimə olunub. Sənədlərini təqdim etməyən 1 nəfər qanun pozucusu barəsində
toplanmış materiallar və maddi sübut kimi götürülmüş ov silahı isə
təqsirkar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon
Polis Şöbəsinə təqdim edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları
tərəfindən respublika ərazisində qanunsuz ov hallarının qarşısını
almaq məqsədilə reydlər davam etdirilir.