Azərbaycan Avropadakı miqrantalara görə daha çox xərcə düşəcək

4 Mart 2014 07:11 (UTC+04:00)

Məlumdur ki, Azərbaycan Respublikası ilə Avropa Birliyi (AB) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb. Sənədə əsasən Azərbaycan tərəfi Avropa Birliyi ölkələrinə qanunsuz gedən və bu ölkələrdə qanunsuz yaşayan ölkə vətəndaşlarını geri qaytarmaq barədə üzərinə öhdəlik götürür.

Bundan başqa, Azərbaycan tərəfindən verilən yaşayış icazəsi və ya vizaya malik olan, eləcə də Azərbaycan ərazisi vasitəsilə AB ərazisinə daxil olan üçüncü ölkələrin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin readmissiyası haqda da rəsmi Bakının üzərinə öhdəlik qoyulur. Öhdəliklər qarşılıqlıdır və AB tərəfi də analoji şərtlərdə bu sazişi imzalayacaq. Ancaq readmissiya sazişinə Böyük Britaniya, İrlandiya, Şimali İrlandiya və Danimarka qoşulmayacaq. Ekspertlərin fikrincə, sözügedən saziş Azərbaycan Respublikasının xərclərinə azca da olsa, təsir göstərəcək. Çünki hazırda azərbaycanlıların ən çox qeyri-qanuni yaşadığı ərazi məhz Avropa ölkələrinin payına düşür. Ancaq bu xərclərin azaldılması da mümkündür. Miqrasiya məsələri üzrə ekspert Azər Allahverənov bildirdi ki, bu xərclər bilavasitə AB ərazisində qeyri-qanuni əsaslarla yaşayan və ölkə ərazisinə qayıtmaq istəyən vətəndaşlarımıza şamil olunacaq: "Beynəlxalq təşkilatların yekdil gəldiyi fikir ondan ibarətdir ki, Avropa Birliyinə daxil olan ölkələrdə 50 minə yaxın qeyri-qanuni azərbaycanlı miqrant yaşayır. Bunların böyük əksəriyyəti məhz məhkəmə yolu ilə vaxtı ilə status almağa cəhd etmiş insanlardır. Amma onlara rədd cavabı verildikdən sonra üzərilərindəki öhdəlik öz ölkələrinə qayıtmaqdır. Ancaq bu gün həmin məhkəmələrdə uduzan bizim miqrantlar Azərbaycana qayıtmaq yox, qonşu ölkələrə keçməyə daha çox üstünlük verirlər. Aşkar olunana qədər həmin ölkələrin ərazisində yaşayırlar. Təbii ki, xəcrlər bilavasitə ölkə ərazisinə könüllü qayıtmaq istəyən şəxslərə şamil olunacaq. Xərclərin nə qədər olacağı ilkin olaraq həmin şəxsin hansı ölkədən qayıtmasından asılıdır. Məsələn, Fransadan qayıdışla Mərkəzi Avropadan qayıdış fərqli qiymətə olacaq. Digər tərəfdən, hər bir qeyri-qanuni miqrantın xərcləri təkcə yol xərci ilə yekunlaşmır. Ola bilsin ki, bir qisminin sənədləri yoxdur. Hətta, onların arasında hansısa xəstəliyə məruz qalmış insanlar da ola bilər. Bundan başqa insan var ki, uzun məsafəyə təyyarə ilə gedə bilmir. Yaxud da, onların müalicəsini həyata keçirmək lazımdır. Beləliklə görünür ki, hər bir geri qayıtmaq istəyən insan üçün tələb olunan xərclər dəyişir. Dəyişiklik ən azından 500-600 avro civarındadır. Təbii ki, bu rənəmlər 50 minə vurulası deyil. Avropada bu qədər qeyri-qanuni azərbaycanıl miqrantın olması güman edilir. Onlar qeyri-qanuni əsaslarla bu ölkədən o ölkəyə, o ölkədən bu ölkəyə keçməyə daha çox üstünlük verirlər. Amma təxmin etsək ki, onların 10%-i qayıdacaqsa, bu da orta qiymətlə 1000 avro civarında olacaq. Bu da təxminən 5 milyon avro civarında vəsait deməkdir ki, bu da Azərbaycanın xərci olacaq. Amma bu, son rəqəm deyil. Həm də Azərbaycan hökumətinin onların qayıdışını təşkil etmək üçün digər alternativ imkanları da var. Məsələn, Azərbaycan Hava Yollarının təyyarələri proesesə qoşula bilər ki, onların qayıdışı ucuz başa gəlsin. Yaxud da, hansısa beynəlxalq təşkilatlar bu prosesə qatıla bilər. Prosesə qoşulduğu halda vətəndaşlarımızın qayıdışı ilə bağlı bəzi xərcləri beynəlxalq təşkilat öz üzərinə götürə bilər. Yaxud da həmin miqrantın müalicəsini hansısa donor agentliyin həyata keçirməsi mümkün haldır. Faktiki olaraq bu prosesdə bir neçə tərəf iştirak etdiyi halda, qayıdış üçün tələb olunan məsrəflər dəyişə bilər. Prosesə ilin ikinci yarısından start veriləcək. Ola bilsin ki, hadisələr elə formada cərəyan etsin ki, məsrəflər artsın. Əgər əvvəllər Almaniyadan Azərbaycana qayıdış Kiyev vasitəsi ilə daha ucuz başa gəlirdisə, bu gün Ukrayanda gedən hadisələr qayıdışa maneçilik törədir. Artıq bir çox vətəndaşlarımız məhz Türkiyə vasitəsi ilə qayıdır. Bu da bir qədər baha başa gəlir. Yəni, proses bir neçə amildən asılıdır".