Bakının müəmmaya çevrilən yeni Baş Planı

13 İyun 2012 09:00 (UTC+04:00)

Son illər paytaxt Bakıda çoxsaylı müxtəlif layihələr həyata keçirilir. Şəhərdə müxtəlif tipli binalar, körpü və yollar tikilib istifadəyə verilir. Belədə şəhərin günü-gündən abadlaşdığının şahidi oluruq. Proses ölkədə möhtəşəm quruculuq işlərinin getdiyindən xəbər verir. Amma maraqlıdır ki, həyata keçirilən bu tədbirlər şəhərin müvafiq yeni Baş Planı təsdiq olunmadan reallaşır.

Belə vəziyyət isə gələcəkdə, şəhərin Baş Planı hazırlanıb icraya yönləndirilərkən müəyyən problemlərin meydana çıxmasına rəvac verə bilər. Bu halda, görəsən, indi həyata keçirilən quruculuq işləri Bakının baş planının hazırlanmasında çətinlik yaratmayacaq ki? Nədən Bakının Baş Planının təsdiqi uzanır, ona maneə olan nədir?

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanov bildirdi ki, paytaxtın Baş Planının icrasının uzanmasının kökündə əsasən əvvəlki illərdə aparılan tikinti işləri zamanı şirkətlər tərəfindən kobud pozuntu hallarına yol verilməsi dayanır: "Bakının Şəhərsalma komitəsi tərəfindan hazırlanan Baş Planı 2010-cu ildə qəbul olunub. Bu plan, daha doğrusu, Abşeronun Baş Planı adlanır. Həmin plan 25 illik bir dövrü əhatə edir. Həmin planın qəbulundan sonra Bakı Şəhər İcra Hakimiyyəti tikinti şirkətlərinə göstəriş verdi ki, şəhərin mərkəzində binaların hündürlük göstəricisi Baş Planın tələblərindən yuxarı olmamalıdır. Yəni maksimum halda 7-9 mərtəbə təşkil etməlidir. Əvvəllər isə bununla bağlı 12 mərtəbə məsələsi vardı. Amma məsələ ondadır ki, Baş Planın icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində müəyyən problemlər var. Həmin problemlər odur ki, faktiki olaraq məsələ ilə əlaqədar Nazirlər Kabineti sərəncam verməlidir. Amma hələ ki, ortalıqda bununla bağlı konkret bir məsələ yoxdur. Lakin düşünmürəm ki, Baş Planın icrasına tam olaraq nəzarət olunmur. Planın icrası istiqamətində mövcud olan problemlərin mənbəyi bir qədər əvvələ gedib çıxır. Təxminən tikintinin sürətlənmə mərhələsi dövründə, 2003-2007-ci illər arasında şəhərin Baş Planının daha çox kobud şəkildə pozulması halları baş verdi. Bakı şəhərinin mərkəzində kommunikativ imkanlar və coğrafi mövqe, görünüş nəzərə alınmadan bir-birinə yaxın çoxsaylı hündür mərtəbəli binalar inşa olundu. Hansı ki, bu da sonradan şəhərdaxili yolların salınması, restavrasiya və rekonstruksiyası zamanı, eyni zamanda kanalizasiya, su, qaz təchizatı ilə bağlı məsələlərdə ortaya ciddi problemlər çıxartdı. Həmin problemlər hazırda da qalmaqdadır. 2010-cu ildən sonra harda və necə gəldi tikinti tikmək məsələsinə müəyyən qədər nəzarət olunmağa başlanıldı. Lakin məsələ ondadır ki, 2010-cu ildən bu yana Bakının mərkəz hissələrində tikilən binaların sayı həddindən artıq az olduğundan bu o qədər də böyük əhəmiyyət daşımayıb. Faktiki olaraq əvvəlki illərin problemləri qalır. Həmin problemlərin həlli üçünsə Bakı şəhəri yenidən sökülüb tikilməlidir".

NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli isə qeyd etdi ki, ola bilsin Baş Planın icrasının ləngiməsi aparılan tikinti prosesində hansısa düzgün gəlməyən məqamlarla bağlıdır: "Hətta sovetlər dönəmində də Baş Planın icrasının həyata keçirilməsi istiqamətində problemlər ortaya çıxırdı. Amma hazırkı problemlərlə o vaxtkı problemlər müqayisə olunmazdır. İndi şəhərin Baş Planının icrasına maneə olan problemlər daha çoxdur. Digər tərəfdənsə Baş Planın təsdiq olunmasını da gözləmək olmaz. Şəhərin bütün küçələrində tıxaclar baş alıb gedir, insanların mənzil problemi həll olunmur. Digər tərəfdən insanların müvəqqəti yaşaması, gələn qonaqların qalması üçün lazımi şəraitə malik mehmanxanalar, iş adamlarının yerləşməsi üçün biznes mərkəzləri çatışmır. Ona görə də tikinti işlərinin həyata keçirilməsi üçün Baş Planın hazırlanıb təsdiq olunmasını gözləyə bilmərik. Bunların hamısı paralel olaraq tikilməlidir, ancaq özbaşına olaraq da yox. Təbii ki, Baş Planı işləyib hazırlayan qurumla yəqin ki, hazırkı vəziyyət razılaşdırılır və hazırkı tikinti prosesləri də Baş Planda əksini tapacaq. Razıyam ki, keçən əsrin 90-cı və 2000-ci ilin əvvəllərində tikilən bəzi binalar ola bilsin, Baş Plana uyğun gəlmədi. Belə halda yəqin ki, onlar barədə zaman keçdikcə müvafiq qərarlar veriləcək. Ancaq onun da tərəfdarı deyiləm ki, indi Baş Planın təsdiqini gözləməliyik. Amma planın təsdiqinin zamanı artıq çoxdan keçib".