“Ermənistan işğal olunmuş ərazilərdən çəkilməli, torpaqlar Azərbaycana qaytarılmalıdır”

4 Mart 2014 18:30 (UTC+04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Xəzər Universitetində "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti" (Politics and Political Culture of the United Kingdom of Great Britain and Northern İreland) adlı məruzə ilə çıxış edib.


Movqe.az-ın məlumatına görə, universitet tələbələrinin iştirak etdiyi tədbirdə səfir əvvəlcə təmsil etdiyi ölkənin siyasəti, ənənələri, xarici siyasəti barədə danışıb. O, Ukraynada və digər ölkələrdə müşahidə olunan qeyri-stabil vəziyyətə də toxunub.

 

Azərbaycanla əlaqələrdən bəhs edən İ.Sıddık deyib ki, Böyük Britaniya Azərbaycanla xüsusən enerji və iqtisadi sahələrdə güclü əlaqələrə malikdir: "Əlaqələrimiz əladır. Britaniya Azərbaycanda ən böyük xarici sərmayəçidir. Sərmayələrin 50 faizi Böyük Britaniyanın payına düşür. Bu, həm Azərbaycan, həm də Britaniya üçün faydalıdır".

 

Səfir əlavə edib ki, iki ölkənin insanları arasında sıx əməkdaşlıq var. Onun sözlərinə görə, bir çox azərbaycanlı tələbə Böyük Britaniyada təhsil alır: "Eyni zamanda çoxlu azərbaycanlı turist Britaniyanı ziyarət edir. Biz viza sistemini dəyişdik ki, onu daha da təkmilləşdirək. Çünki ildən-ilə daha çox azərbaycanlı turist Britaniyaya səfər edir".

 

Şotlandiyanın Böyük Britaniyadan ayrılması barədə diskussiyalara və Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat bildirib ki, yaxın 6 ay ərzində Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı debatlar keçiriləcək: "Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməli, bu torpaqlar Azərbaycana qaytarılmalıdır. Britaniyada baş verənlər də maraqlıdır. Şotlandiyada bəzi insanlar Britaniyanın tərkibində qalmaq istəmirlər. Müharibə etməkdənsə, biz referendumu keçirəcəyik. Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsində çıxış yolu da referendum olmalıdır. Bu, statusun müəyyən edilməsi üçün məntiqli kompromisdir. Ortada birbaşa münaqişə var, bəziləri Azərbaycanda qalmaq istəyir, bəziləri isə yox. Bizdə də elədir. Bəziləri Britaniyada olmaq istəyir, bəziləri yox. Baxaq görək nə olacaq".