LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

4 Mart 2014 08:00 (UTC+04:00)

Yüksək dinamizm üzərində qurulan sosial-iqtisadi inkişafını uğurla davam etdirən Azərbaycan qazandığı yeni nailiyyətlər hesabına bu gün tərəqqi səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələri sırasında yer almaqda davam edir. Bununla ən böyük hakim olan zaman əsası ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və hazırda onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının möhtəşəm təntənəsindən xəbər verir. Bu gün Azərbaycanda yaradılmış sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi müvəffəqiyyətlə təmin edir.

Bu strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub. Ölkə başçısının müəyyən etdiyi siyasətin həyata keçirilməsi gələcək illər üçün dayanıqlı inkişafın möhkəm təməlinin yaradılmasına, Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına hətrəfəli imkan verir. Eyni zamanda bu, Azərbaycan regionlarının tərəqqəsini daha dinamikhala gətirir. Qeyd olunanların daha bir konkret nümunəsi qismində Tərtər rayonunu göstərmək olar.

Ötən ilin sosial-iqtisadi yekunları da rayonda dinamik tərəqqidən, uğurlu nəticələrdən xəbər verir. Rayon İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, ötən il də Tərtərdə iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə olunub. Rayonda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Şəhərin Heydər Əliyev prospektində 4500 kvadratmetr, Şıxəli Qurbanov küçəsində 1500 kvadratmetr, Rasim Mürsəlov küçəsində 1700 kvadratmetr sahəsi olan istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənib. Adları qeyd olunan prospekt və küçələrdə kommunikasiya xətləri yeniləri ilə əvəz olunub, burada 230 ədəd müasir tipli işıq dirəkləri quraşdırılıb. Dövlət Bayrağı meydanının ərazisi 1,7 hektar genişləndirilib, Bərdə-Tərtər istiqamətində əzəmətli giriş qapısı quraşdırılıb. Burada böyuk fontan düzəldilib, sahəsi 180 kvadratmetr olan müasir memarlıq üslubunda pano tikilib və onun mərkəzində ulu öndər Heydər Əliyevin böyük portreti quraşdırılıb.

Tikinti-quruculuq işləri də geniş vüsət alıb. Bu fonda qeyd edək ki, rayonun Qapanlı kəndində 220 şagird yerlik tam orta məktəbin binası tikilib istifadəyə verilib, Mərkəzi Rayon Xəstəxanası və rayon mədəniyyət evi əsaslı təmir edilib, yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilərək müasir inventar və avadanlıqlarla təchiz olunub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayon mərkəzində 6 mərtəbəli 54 mənzilli yaşayış evi, Heydər Əliyev prospektində Tərtər Qaz İstismarı Sahəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, 150 şagird yerlik Rəcəbli kənd ümumi orta məktəbinin binası tikilir. Eləcə də Rayon İcra Hakimiyyətinin sifarişi ilə 450 şagird yerlik Qazyan, 150 şagird yerlik Borsunlu kənd tam orta məktəbinin binası əsaslı təmir olunur. Hər iki kənddə tikinti və əsaslı təmir işləri başa çatmaq üzrədir.

Yerli və respublika əhəmiyyətli yollarda və küçələrdə əsaslı təmir işlərinin aparılması diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2013-cü il tarixli Sərəncamı ilə 5 min nəfərdən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 kilometr olan Cəmilli-Dəmirçilər kəndlərarası avtomobil yolu yenidən qurulub və əsaslı təmir edilib. Yolun girişində hündürlüyü 7 metr olan giriş qapısı tikilir.

Hesabat ilində Tərtər şəhərində 9 ədəd çoxmərtəbəli kommunal yaşayış evlərinin su və kanalizasiya sistemlərində 106,8 min manatlıq bərpa işləri görülüb. 2013-cü ildə Tərtər şəhərinin M.P.Vaqif, H.Aslanov və M.Ə.Sabir küçələrində 22 min 414 kvadratmetr həcmində yola, Bərdə-İstisu avtomobil yolunun 6,8 km uzunluğu olan hissəsində 61 min 200 kvadratmetr sahəyə ikinci qat asfalt-beton örtüyü salınıb. Rayonda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsəd ilə ərazidə və yol kənarlarında 38 min 100 ədəd müxtəlif növ ağac, 6850 ədəd gül kolları əkilib, 2100 kvadratmetr sahədə yaşıllıq zolağı salınıb. Cari ildə rayonda Olimpiya İdman Kompleksi, məcburi köçkünlər üçün qəsəbə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni binalar, şəhərin su-kanalizasiya sistemi tikilməsi nəzərdə tutulur. Suya olan tələbatı yaxşılaşdırmaq üçün 26 subartezian quyusu qazılacaq, tikinti-quruculuq işləri davam etdiriləcək və digər işlər görüləcək.

O da xüsusi olaraq vurğulanmalıdır ki, rayonun sosial-iqtisadi inkişafı sahəsində əvvəlki illərdə görülən işlər 2013-cü ildə də uğurla davam etdirilib, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonumuz üzrə nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib. Hesabat ilində rayonda 109,4 milyon manat dəyərində ümumi məhsul, 5 milyon 156 min manat dəyərində sənaye, 44 milyon 795 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 19 milyon 607 min manat investisiya yönəldilib, nəqliyyat sektorunda 463 min ton yük daşınıb, 392,8 min manatlıq rabitə xidməti göstərilib, əhaliyə 108 milyon 128 min manat dəyərində mallar satılıb, 23 milyon 160,2 min manatlıq pullu xidmətlər göstərilib. 2012-ci ilə nisbətən ötən il ümumi məhsul buraxılışının həcmi 0,8 faiz, sənaye məhsulunun həcmi 5,8 faiz, əsas kapitala yönəldilən investisiyalar 13,1 faiz, nəqliyyatda yükdaşımaların həcmi 2,9 faiz, sərnişin daşınması 5,8 faiz, yük dövrüyyəsi 3,3 faiz, sərnişin dövriyyəsi 9,6 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,2 faiz artıb. Kənd təsərrüfatı sahəsində isə cəbhəyanı rayon olan Tərətərdə müəyyən prorblemlər var. Belə ki, il ərzində Sərsəng su anbarı ermənilərin nəzarəti altında olduğu üçün yay mövsümündə sahələrin suvarılmasında problemlər yaranır və havaların yağmursuz keçməsi bu sahədə problemləri dərinləşdirir. Bununla belə əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq və su itkisinin qarşısını almaq məqsədilə təsərrüfatlararası kanal və arxlarda 968 min kubmetr lildən təmizləmə işi, daşqın və selə qarşı 69 min kub metr torpaq işi, 37 hidrotexniki qurğu, 45 hidrometrik post, 3 km uzunluğunda istismar yolu cari təmir edilib. Ərazidə 588,8 min manatlıq həcmində qrunt sularının səviyyəsinin aşağı salınması işi görülüb. Buruc arxında 192 metr beton üzlük çəkilib. Kollektor və drenlərdə 18 min kubmetr lildən təmizləmə işləri, R-7-1 paylayıcı kanalının 2480 metrlik hissəsində 620 min manatlıq bərpa işləri aparılıb. Susuzluqdan zərər çəkən ərazilərin su təminatının yaxşılaşdırılması məqsədilə rayonun Buruc, Qapanlı, Köçərli, Azad Qaraqoyunlu, Qaynaq, Qazyan, Şıxarx kəndlərində 7 ədəd yeni subartezian quyusunun qazılması başa çatıb. Həyata keçirilmiş tədbirlər nəticəsində 16615 hektar taxıl sahəsindən 54386 ton məhsul yığılıb. Hektar üzrə orta məhsuldarlıq buğdada 32,7 sentner, arpada 32,8 sentner olub. 2014-cü ilin məhsulu üçün 11 min 123 hektar sahədə taxıl, o cümlədən 6191 hektar sahədə buğda səpini aparılıb, indiyədək 12 min 954 hektar sahədə şum qaldırılıb. Prezident İlham Əliyevin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq il ərzində 7482 istehsalçıya istifadə etdikləri yanacaq və motor yağlarına görə 1 milyon 119 min 774 subsidiya, 6083 hektar buğda əkininə görə 1935 istehsalçıya 243 min 336 manat yardım olunub.

Ümumiyyətlə, rayon iqtisadi tərəqqisində getdikcə daha böyük nailiyyətələrə imza atır. Məhz bunun nəticəsidir ki, əvvəlki 5 illə müqayisədə rayon üzrə məhsul buraxılışı 57,3 faiz, ötən 10 illə müqayisədə 4 dəfə, sənaye məhsulu istehsalı 72,8 faiz, əvvəlki 10 illə müqayisədə 5,1 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı əvvəlki 5 illə müqayisədə 16,6 faiz, ötən 10 illə müqayisədə isə 2,8 dəfə artıb. Hesabat ilində isə rayonda 1131 yeni iş yeri açılıb ki, onun 441-i daimi iş yeridir.

Ötən ildə həm də 6 milyon 357 min manat dəyərində əsas fondlar istifadəyə verilib, kapital qoyuluşunun 92,5 faizi tikinti - quraşdırma işlərinə yönəldilib, 5 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Dövr ərzində rayon büdcəsinin yerli gəlirləri 19 milyon 200 min manat olub və ya 100,5 faiz həcmində icra olunub. Hesabat ilində sahibkarlarla aparılan ardıcıl iş nəticəsində rayonda kənd təsərrüfatı məhsullarının 97 faizi, sənaye məhsullarının 17,2 faizi, pərakəndə-ticarət şəbəkəsində satılmış əmtəələrin və əhaliyə göstərilmiş pullu xidmətlərin 96 faizi özəl sektorun payına düşüb. Əhaliyə göstərilən nəqliyyat və pullu xidmət 23 milyon 160,2 min manat təşkil edib. Özəl sektor üzrə ictimai iaşə müəssisələri də daxil olmaqla pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilə nisbətən 2 faiz artaraq 128 milyon 965,8 min manata çatıb. Fiziki şəxslər tərəfindən nəqliyyat sektorunda 45,7 faiz və ya 1 milyon 890,7 min manat xidmət göstərilib.

Rayonda özəl sektorun daha sürətlə inkişaf etdirilməsi də xüsusi diqqət mərkəzində yer alır. Bu fonda qeyd edək ki, hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 46 layihə üzrə sahibkarlara 557,5 min manat kredit verilib. 2013-cü ildə rayonda ət, süd, yun istehsalı daha da artıb. Hesabat ilində Əhalinin Sosial Müdafiə Mərkəzində 5862 nəfər vətəndaşa xidmət göstərilib. Mərkəzdə 1249 ailənin 5231 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilib, 1 milyon 435,7 min manat vəsait ödənilib. Dövlət Sosial Müdafiə fondunun Tərtər rayon Şöbəsində 1642 nəfər sığorta edən qeydiyyatdadır ki, bunlardan da 160-ı hüquqi şəxslər, 578-i fiziki şəxslər, 895-i isə kənd təsərrüfatı məhsulları istehsalçılarıdır. Əhalinin məşğulluq məsələləri, onların rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə müvafiq işlə təmin olunmaları diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə məşğulluq mərkəzinə özünün məşğulluq problemləri ilə bağlı 370 vətəndaş müraciət edib. Onların 211 nəfəri işlə təmin olunub, 18 nəfərə münasib iş olmadığı üçün "Məşğulluq haqqında" qanuna müvafiq olaraq işsiz statusu verilib, 27 nəfərə isə işsizliyə görə müavinət təyin edilib.

Hesabat ilində rayon əhalisinin elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Tərtər, Dəmirlər, İsmayılbəyli və Sarıcalı yarımstansiyalarında yağ açarları əsaslı təmir olunub. Əhalidən və digər sahələrdən enerji haqlarının yığımı 100 faiz icra olunub. Rayon əhalisinə təbii qazın verilməsi sahəsində də zəruri addımlar atılıb, 7123 əhali, 100 qeyri-əhali abonentlərinə xidmət göstərilib. Rayonun Qaraağacı, Qaradağlı, Qapanlı, Səhləbad, Əskipara, Düyərli kəndlərində 49 min 862 paqonometr uzunluğunda küçə xətləri çəkilib, 1379 abonent təbii qazla təmin olunub. Bala Kəngərli, Cəmilli, Dəmirçilər, Təzəkənd, Seydimli, İsmayılbəyli, Evoğlu, Poladlı kəndləri istiqamətində müxtəlif diametrli daşıyıcı və kiçik diametrli təbii qaz xətləri çəkilişinə başlanılıb. İndiyədək rayonun 18 kəndinə və Tərtər şəhərinə təbii qaz xətti çəkilib istifadəyə verilib.

Əhalinin içməli su ilə təmin olunması istiqamətində də xeyli işlər görülüb. Həyata keçirilmiş tədbirlər nəticəsində şəhər əhalisi içməli su ilə fasiləsiz təmin olunur. 2013-cü ildə Seydimli kəndində içməli su xətti çəkilib, küçələrdə 19 bulaq quraşdırılıb. Borsunlu kəndində əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 1 ədəd içməli su üçün subartezian quyusu qazılıb və su xəttinin çəkilişinə başlanılıb.

İllərdən bəri fəaliyyətində durğunluq hökm sürən Elektromexanika zavodunda da ötən il irəliləyişlər yaranıb, burada 420 min manatlıq istehsal proqnozuna qarşı 742,7 min manatlıq məhsul istehsal edilib. Hesabat dövründə Mənzil İstehsalat Təmir İstismar sahəsi 1143 mənzildə yaşayan 4308 nəfər şəhər əhlisinə xidmət göstərib. Sahə üzrə 18 min manat kommunal xidməti yığılıb. Ə.Paşayev və N.Nərimanov küçəsindəki 4 binanın dam örtüyündə cari təmir işləri aprılıb. Nizami küçəsindəki 4 çoxmərtəbəli yaşayış binasının 4260 kvadratmetr dam örtüyündə əsaslı təmir işləri aparılıb, mansar tipli yeni dam örtükləri keramika - dəmir materialı ilə vurulub. Ötən ilin dekabr ayında təbii fəlakət nəticəsində ciddi ziyan dəymiş Ə.Paşayev, M.Hüseynzadə, V.Hüseynov, Nizami küçələrindəki və Azad Qaraqoyunlu kəndindəki kommunal yaşayış binalarının dam örtüyündə 735 kvadratmetr azbest - sement, 660 kvadratmetr keramika-dəmir materialı ilə daxili imkanlar hesabına təmir edilib.

Rayonda mövcud istilik-qazanxana sistemlərində təmir-bərpa işləri aparılıb. Mərkəzi xəstəxanada müasir tələblərə cavab verən qazanxana inşa edilib və müqavilə əsasında xidmətə götürülüb. 2013-cü ildə əhaliyə poçt və telefon rabitəsi xidmətinin keyfiyyətlə yeni səviyyəyə qaldırılması üçün tədbirlər görülüb, poçt xidməti üzrə tarif gəliri proqnozuna və telefon rabitəsi proqnozuna 104 faiz əməl edilib. Rayon əhalisinə 3008 nömrə tutumu olan bir mərkəz, 4448 nömrə tutumu olan 23 kənd elektron ATS xidmət göstərib. Elektron rabitə olmayan kəndlərdə isə 28 nömrədən ibarət 7 peyk avadanlığı quraşdırılıb. İnternet istifadəçilərinin sayı 1086 abonentə çatıb ki, bu da ötən dövrə nisbətən 795 abonent çoxdur.

Hesabat ilində rayonun ümumi təhsil müəssisələrində təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi, nizam-intizamın möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 318 min 713 manat dəyərində inventar və avadanlıq alınaraq yerlərə paylanılıb. Şəhər 6 saylı və Qaradağlı kənd tam orta məktəblərinin hər birində bir dəst fizika - kimya laboratoriyası quraşdırılıb. Rayon məktəbliləri fənn olimpiadalarında və müsabiqələrdə fəal iştirak ediblər. 2013-cü ildə 4 şagird müxtəlif bilik yarışlarında fərqləndiklərinə görə Təhsil Nazirliyinin diplomlarına və qiymətli hədiyyələrinə layiq görülüb. Dövr ərzində təhsil sahəsində görülən məqsədyönlü işlərin nəticəsidir ki, 2013-cü ildə rayondan ali məktəblərə qəbul olunanların sayı son 5 illə müqayisədə 19,55 faizdən 43 faizə yüksəlib. Keçən il rayonun yaşayış məntəqələrində 28 bağça fəaliyyət göstərib.

2013-cü il ərzində rayonun mədəni-maarif müəssisələrində də müəyyən işlər görülüb. Rayon mərkəzində, yaşayış məntəqələrində və rayonun ərazisində yerləşən hərbi hissələrdə müxtəlif səpkili mədəni-kütəvi tədbirlər həyata keçirilib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə rayonun mərkəzi meydanında "Kitab bayramı", klub müəssisələrində Respublika günü münasibəti ilə bədii özfəaliyyət kollektivlərinə baxış keçirilib.

Onu da qeyd edək ki, rayon ərazisində dövlət tərəfindən qeydiyyata götürülmüş 24 tarix və mədəniyyət abidəsi var. Abidələrin yerləşdiyi ərazilərdə onların əhəmiyyəti, mühafizə olunması barədə təbliğat və təşviqat işləri aparılıb. Bəzi mədəniyyət müəssisələrinin isə əsaslı təmirə ehtiyacı var. Evoğlu və Qaraağacı kənd mədəniyyət evləri müharibə zamanı tamamilə dağıdılıb. Mərkəzləşdirilmiş kitabxana, Musiqi məktəbi,Tarix-diyarşünaslıq muzeyi üçün yeni binalar tikilməsinə ehtiyac var.

Onu da qeyd edək ki, hesabat dövründə rayonda 4 xəstəxana, 14 həkim, 22 tibb məntəqəsi vasitəsilə rayon əhalisinin sağlamlığının qorunub saxlanılması, onlara göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması və tibbi müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xeyli işlər görülüb. 71900 manatlıq bərk, 31 min 300 manatlıq isə yumşaq inventar alınaraq ehtiyacı olan müəssisələrə verilib. Güzəştli imtiyazla tibbi xidmət almaq hüququna malik olan xəstələrə 21 min 60 manatlıq pulsuz dərman preparatları verilib. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən il ərzində rayonun yaşayış məntəqələrində yoluxucu xəstəliklərin azaldılması və qarşısının alınması istiqamətində bir sıra işlər görülüb.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan gəncliyinə və idmana göstərilən diqqət və qayğı nəticəsində son illər rayonumuzda da uğurlu nəticələr əldə olunur. Tərtərdə də Prezidentin xeyir-duası ilə istifadəyə verilmiş Gənclər Mərkəzi tərtərli gənclərə göstərilən qayğının bariz nümunəsidir. Ötən il Mərkəzdə gənclərin asudə vaxtının səmərəli təşkili sahəsində çoxsaylı tədbirlər keçirilib. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icra olunması məqsədi ilə gənclərlə bağlı çoxsaylı konfranslar, "dəyirmi masa"lar, ulu öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş çoxsaylı tədbirlər təşkil olunub, ümumilikdə 2013-cü ildə gənclər üzrə 37, idman üzrə 27 tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzində ingilis dili, kompyuter kursu, rəssamlıq və elektron kitabxana fəaliyyət göstərtb. Mərkəzə vaxtaşırı rayon ictimaiyyətinin, məktəblilərin ekskursiyaları təşkil edilib, Heydər Əliyev irsi və Azərbaycanın inkişaf perspektivləri təbliğ edilib. Mərkəz ideoloji işin daha da gücləndirilməsində əsas rol oynayıb. Hesabat dövründə rayonda ictimai-siyasi təşkilatlar dini qurumlarla, aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlərlə, kütləvi informasiya vasitələri ilə səmərəli iş aparıblar. Rayon icra hakimiyyətində əlamətdar və tarixi günlər və bayramlar geniş qeyd edilib, ictimaiyyət nüməyəndələrinin, siyasi partiyalar və ictimai birliklərin iştirakı ilə 58 ümumrayon toplantısı keçirilib. Rayonun dövlət və özünüidarəetmə orqanlarının fəaliyyətinin Milli Fəaliyyət Planının tələblərinə uyğun qurulması, korrupsiya şəraiti yaradan halların aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar olaraq maarifləndirmə və əməkdaşlıq sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilib. Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, döyüş əməliyyatlarında itkin düşmüş, əlil olmuş və orduda xidmət edənlərin ailələrinin sosial müdafiəsinə qayğı göstərilməsini də diqqət mərkəzində saxlayıb. Şəhid ailələrinin hüquqlarının qorunması və bu ailələrə rayon icra hakimiyyəti, digər əlaqədar təşkilatlar və ayrı-ayrı vətəndaşlar tərəfindən xüsusi qayğı göstərilməsi davam etdirilib. Bundan başqa, rayonda məskunlaşmış 15 min 59 məcburi köçkünün sosial-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindən kənarda qalmayıb, vaxtaşırı onlara lazımi köməkliklər göstərilib. Hesabat ilində yerli əhəmiyyətli problemlərin həllində qeyri-dövlət sektorunun, o cümlədən müstəqil özünüidarə orqanı olan bələdiyyələrin gücündən istifadə diqqət mərkəzində olub. Digər sahələr üzrə də sürətli inkişaf qeydə alınıb.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.