Bakıda mini yanacaqdoldurma məntəqələri açıla bilər

5 Mart 2014 10:35 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda SOCAR brendi altında avtomatik mini avtomobil yanacaqdoldurma məntəqələrinin (YDM) tikintisinin bütün mümkün variantlarını öyrənir. Bunu Trend-ə ARDNŞ-dəki mənbə deyib.


Söhbət Bakıda 7-8 min YDM-in tikilməsindən gedir.


Mənbə qeyd edib ki, indiki mərhələdə yeni YDM-lərin yerləşəcəyi ərazilərin müəyyənləşdirilməsi üzrə işlər aparılır, onların yaradılması variantları və YDM-lər üçün zəruri avadanlığın alınması öyrənilir: "Mini məntəqələrin tikintisi tərəfimizdən ilk dəfə həyata keçiriləcək və buna görə də bütün variantlar araşdırılır. Tikinti işlərinin başlama tarixi 2014-cü ilə planlaşdırılıb".


Onun sözlərinə görə, hazırda İtaliyanın avadanlıq istehsalçıları ilə də danışıqlar aparılır.


Mənbə bildirib ki, mini YDM-lərin tikintisinin bir sıra üstünlükləri var: "Onlar kiçik sahələrdə inşa edilir ki, bu da ənənəvi YDM-lərlə müqayisədə tikinti və montaj işlərinə çəkilən xərcləri azaldır, bundan başqa, operatorsuz yanacağı vermək imkanı yaradır, doldurma və ödəniş avtomatik həyata keçirilir və bu, nəticədə yanacağın doldurulması zamanı buraxılış qabiliyyətinin artmasına gətirib çıxarır".


Qeyd edək ki, hazırda Azərbaycanda ARDNŞ-nin 16 YDM-i fəaliyyət göstərir.